Mayın 24-də Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetində “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı iclas keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Xezerxeber.az-a bildiriblər ki, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər üzrə əsas icraçı orqanların rəhbərlərinin müavinlərinin və digər məsul şəxslərin iştirak etdikləri iclasda Dövlət Proqramının 2023-cü il üzrə monitorinqinə və 2024-cü ildə yerinə yetirilmiş işlərin cari vəziyyətinə dair hesabatlar təqdim edilib. Habelə Dövlət Proqramının 2025-2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planının layihəsinin hazırlanması ilə bağlı məsələlər müzakirə olunub.
Müzakirələrdə Dövlət Proqramının icrası çərçivəsində həyata keçirilən layihələr diqqətə çatdırılıb, icra prosesində müşahidə edilən əsas çətinliklər və onların aradan qaldırılması üçün görülməli olan tədbirlər vurğulanıb.
Aparılan müzakirələr nəticəsində Dövlət Proqramının icrasının səmərəliliyinin daha da artırılması ilə əlaqədar aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verilib.