Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) hədəflərini elan etdikdən sonra Birləşmiş Millətlər Təşkilatının Neft və Qaz Metan Tərəfdaşlığı 2.0 (OGMP 2.0) proqramına qoşulmaq niyyətindədir və bu, yaxın zamanda baş verəcək.
Xezerxeber.az xəbər verir ki, bunu SOCAR-ın Ətraf mühit ilə bağlı məlumatların açıqlanması və əlaqələrin idarə edilməsi departamentinin rəisi Mustafa Qurbanlı bu gün Bakıda "İctimai proseslər media müstəvisində" mövzusunda keçirilən Forumda "Yaşıl Dünya Naminə Həmrəylik ili"ndə media gündəmi adlı paneldə deyib.
O bildirib ki, OGMP 2.0 proqramına 100-dən çox neft-qaz şirkəti üzvdür və bu proqram həmin neft-qaz şirkətlərindən hər il hesabat toplayaraq açıq mənbələr üçün dərc edir: “Öz hədəflərini elan edən neft-qaz şirkətləri maraqlıdırlar ki, OGMP 2.0-ın üzvü kimi nailiyyətlərini, emissiyaların azaldılması haqqında hesabatlarını, məlumatlarını şəffaf formada həmin proqrama təqdim etsinlər. Bundan əlavə 2027-ci ildə Avropa İttifaqında metanla bağlı qanunun qəbul edilməsi gözlənilir. Qanun Avropaya məhsul ixrac edən şirkətlərdən hesabatlarını tam şəffaf həyata keçirmələrini, OGMP 2.0-yə üzvü olmalarını, hesabat vermək prosesindən keçmələrini tələb edir”.
M. Qurbanlı qeyd edib ki, SOCAR bu proqrama qoşulmaqla həm də gələcəkdə bu kimi risklərin qarşısını alır.