2024-cü ilin yanvar-mart ayları ərzində Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 5 268,3 milyon manat, büdcə xərcləri isə 3 205,4 milyon manat təşkil edib.
Xezerxeber.az bu barədə ARDNF-ə istinadən xəbər verir.
Məlumata görə, 2024-cü ilin yanvar-mart ayları ərzində ARDNF-in neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 3 421,4 milyon manat, o cümlədən, mənfəət neftinin və qazın satışından 2 645,5 milyon manat, bonus ödənişləri 775,9 milyon manat, tranzit gəlirləri 0,3 min manat təşkil edib.
Fondun aktivlərinin idarə olunmasından əldə edilən gəlir 1 846,9 milyon manata bərabər olub.
Hesabat dövrü ərzində ARDNF-in 2024-cü il büdcəsinin icrası çərçivəsində 3 195,3 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. 2024-cü ilin yanvar-mart aylarında “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 1,0 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə isə 3,2 milyon manat yönəldilmişdir. Sözügedən dövrdə, ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 5,9 milyon manat təşkil etmişdir.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-in büdcədənkənar gəliri hesabat dövrü üzrə 151,7 milyon manat təşkil edib.
İlin əvvəlində inflyasiyanın səngiməsi ilə mərkəzi bankların faiz dərəcələrini azaldacağı gözləntiləri yaranmış və nəticədə dövlət istiqrazlarının gəlirlilik dərəcələrində müəyyən enmələr, eyni zamanda səhm bazarlarında müsbət dinamika müşahidə olunmuşdur. Buna baxmayaraq, rüb ərzində inflyasiyanın aşağı düşməsi tempində zəifləmənin izlənilməsi və digər makro-iqtisadi göstəricilər fonunda dövlət istiqrazlarının gəlirlilik dərəcələri rübün sonuna doğru yenidən yüksəlmişdir. Bu amillər inflyasiyanın gözləniləndən daha uzun müddətdə hədəf dəyərinə qayıtması gözləntilərini önə çəkdiyi üçün maliyyə akitvlərinin dəyəri ilə bağlı qeyri-müəyyənlik hələ də davam etməkdədir.