Avropa İttifaqı ölkələrinin iri limanları Çindən elektromobil idxalının artması və avtomobillərə tələbatın azalması səbəbindən nəhəng “dayanacaqlara” çevrilib.
“Financial Times” qəzeti yazır ki, distributorlar limanları daha çox anbar kimi istifadə edirlər. Buna yük maşını sürücülərinin çatışmazlığı da daxil olmaqla, bir sıra logistik problemlər səbəb olur.
Mütəxəssislərin fikrincə, avtomobil son istehlakçıya satılana qədər 18 ayadək dayanacaqda qala bilər ki, bu da “əsl xaosa” gətirib çıxarır. Almaniya hökuməti 2023-cü ilin dekabrında elektromobil alınmasına subsidiyanı dayandırdıqdan sonra nəqliyyat vasitələrinin dayanacaq müddəti xeyli artıb.
Qeyd edək ki, Avropanın avtomobil bazarı 2023-cü ildə Çindən nəqliyyat vasitələri tədarükünün illik 58 faiz artması ilə əhəmiyyətli dərəcədə dəyişib. 2024-cü ilin ilk iki ayında Çində istehsal edilən elektrik və hibrid avtomobilləri üçün əsas ixrac istiqamətləri Belçika, Böyük Britaniya, Almaniya və Hollandiya olub.