Xəzər Xəbər

“Azəriqaz”: 4855 mənzildə qaz təchizatı məcburi dayandırılıb

İqtisadiyyat | 15:21 • 1 Mart 2024
“Azəriqaz”: 4855 mənzildə qaz təchizatı məcburi dayandırılıb

Fevralda 111 minə qədər ev və obyektlərdə texniki müayinə keçirilib.

Xezerxeber.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin (İB) Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov “Açıq qapı” aksiyası çərçivəsində media və QHT nümayəndələri ilə keçirilən görüşdə deyib.

O bildirib ki, keçirilən müayinələr nəticəsində 68 minə yaxın nöqsan qeydə alınıb.

“Bu kiçik bir rəqəm deyil. 4855 mənzildə xüsusi təhlükəli vəziyyəti nəzərə alaraq qaz cihazlarının qaz təchizatı məcburi qaydada dayandırılıb. Hansı ki bu cihazların bir çoxunun istismar müddəti bitib. Vanna otaqlarında problem əsasən otağın həcminin normativlərdən kiçik olması, qapıda dəliklərin olmaması, qaz qurğularının ümumiyyətlə yararsız vəziyyətdə olmasıdır. Həmçinin vanna otaqlarında quraşdırılmış qaz ilə su qızdırıcılarının böyük əksəriyyəti 15 ildən artıq istifadə olunan cihazlardır. Bu cihazların da texniki pasportunda istifadə müddəti 10-15 il arası, əksəriyyəti isə 10 ildən aşağı göstərilib. Bu onu təsdiq edir ki, artıq belə cihazlar istismar müddətindən çox istifadə edilir və ölüm saçan qurğulara çevrilmiş olur”, - deyə İ.Behbudov vurğulayıb.

İ.Behbudovun sözlərinə görə, müayinələr göstərib ki, əksər evlərdə qazın sızmasını bildirən detektor yoxdur. Bəzi mənzillərdə mətbəx otaqlarında yerdəyişmələrə rast gəlinir. Həyət evlərinin tüstü bacalarında problemlər çoxdur və qaz qurğularında rezin birləşmələrdə müəyyən çatışmamazlıqlar aşkarlanıb.

Xəbər lenti

Çox oxunanlar