Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Pakistanın Azərbaycandakı səfiri Bilal Haye ilə görüşüb.
Xezerxeber.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Pakistan arasında aqrar sahədə əməkdaşlıq və hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsinin artırılması, kənd təsərrüfatı sahəsində ən müasir texnologiyaların transferi, pambıqçılıq, çəltikçilik, heyvandarlıq sahələrində əməkdaşlığın gücləndirilməsi, aqrar sektorda elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilmə məsələləri müzakirə olunub.
Görüşdə nazir iştirakçılara Azərbaycanda aqrar sektora dövlət dəstəyi barədə ətraflı məlumat verib.
Bildirilib ki, iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq dinamik inkişaf edir. Tərəflər aqrar sahədə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını vurğulayıblar. Tədbir zamanı Azərbaycanın kənd təsərrüfatı məhsullarının Pakistana ixracı, bunun üçün müxtəlif dəstək mexanizmləri əsas müzakirə mövzusu olub.
Nazir ölkəmizdə hər il təşkil olunan “Caspian Agro” sərgisinin əhəmiyyətinə toxunub. Pakistanlı iş adamlarını bu sərgidə fəal iştiraka, həmçinin etibarlı və əlverişli biznes mühitini nəzərə alaraq, Azərbaycanın kənd təsərrüfatı sektoruna sərmayə qoymaq imkanlarını araşdırmağa çağırıb.
Görüş zamanı kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahəsində Azərbaycan-Pakistan İşçi Qrupunun fəaliyyəti müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.