Xəbər verdiyimiz kimi, bu gün Nazirlər Kabinetinin qərarı ilə nəqliyyat vasitələrinin utilizasiya haqqının məbləği, utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün tətbiq edilən güzəştin məbləği və birdəfəlik ödənişin həcmi təsdiqlənib.
Ümumiyyətlə, nəqliyyat vasitələrinin utilizasiyası avtomobil qiymətlərinə necə təsir edəcək?
Məsələni Trend-ə şərh edən nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər bildirib ki, bu proqramı həyata keçirməkdə əsas məqsəd ekosistemin yaxşılaşdırılması, avtomobil parkının yenilənməsidir.
"Biz ölkə olaraq qarşımıza məqsəd qoymuşuq ki, yaxın gələcəkdə ətraf mühit və yaşıl artım ölkəsinə çevrilməliyik. Bu məqsədə çatmaq üçün atmosferə buraxılan zərərli qazların miqdarının azaldılması üçün köhnə avtomobillərin dövriyyədən çıxarılması əsas vəzifələrdən biridir. Utilizasiya proqramı könüllülük əsasında keçirilir.
Bir müddət sonra, ola bilər ki, avtomobillərin qiyməti bir qədər bahalaşsın. Belə ki, idxal zamanı rüsumda artım varsa, qiymətlərə təsir edir."
Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, avtomobillərin utilizasiyası xarici ölkələrdə də mövcuddur.
"Avtomobillərin utilizasiyasına bir neçə il qabaq başlanmalı idi. Yaşı 30 ildən yuxarı olan avtomobillərin utilizasiyası başa çatmalıdır. Nəqliyyat vasitələrinin utilizasiyası avtomobillərin qiymətini süni şəkildə bahalaşdıra da bilər", - deyə o qeyd edib.
Qeyd edək ki, qərara əsasən, minik avtomobillərinin görmük rəsmiləşdirilməsi zamanı yaşı 4 ildən 7 ilədək avtomobillər üçün 400 manat, 7 il və daha çox olduğu zaman 700 manat rüsum tutulacaq. Ölkədə olan mövcud avtomobillər üçün isə hər dövlət texniki baxışı zamanı yaşı 4-10 il arası olanlara görə 10 manat, 10-20 il arası olanlara görə 20 manat, 20-30 il arası olanlara görə 30 manat, 30 il və daha çox olanlara görə 40 manat rüsum tutulacaq. (trend)