Xəzər Xəbər

Azərbaycanda sığorta yığımları 1 milyard manatı ötüb

İqtisadiyyat | 10:21 • 9 Yanvar 2024
Azərbaycanda sığorta yığımları 1 milyard manatı ötüb

Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq böyük qürur hissi ilə qeyd etmək istəyirəm ki, son 3 ilin ümumi nəticələrinə nəzər salsaq görərik ki, sığorta sektoru ümumi maliyyə sisteminin inkişafında nə dərəcədə aktiv rol oynayıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Elmar Mirsalayev “Azərbaycan Maliyyə Forumu: Nailiyyətlər və Çağırışlar” forumunda deyib.

O bildirib ki, sığorta sektoru 2021-ci ildə 16 faiz, 2022-ci ildə 18 faiz, 2023-cü ildə isə ilk dəfə sığorta yığımlarının 1 milyard manatı ötməsi və sığorta sektorunun ÜDM-dəki payının 1 faizi keçməsi ilə 28 faizdən çox böyüyüb.

"Bu gün maliyyə bazarlarına nəzarətedici orqan olan Azərbaycan Mərkəzi Bankının uğurla həyata keçirdiyi məqsədyönlü tənzimləmə siyasəti nəticəsində maliyyə sistemimiz nizamla və sistemli şəkildə böyüyür, intizamla inkişaf edir. Hesab edirəm ki, bu böyümə və inkişafı təmin edən başlıca amillərdən biri də məhz maliyyə sisteminin dayanıqlığının qarantı olan sığorta sektorudur. Peşəkar sığorta bazarı iştirakçıları olaraq başlıca hədəf və məqsədimiz mövcud dayanıqlı böyümənin davamlılığının təmin olunmasıdır. Biz bu məqsədimizə növbəti illərdə də nail olacağımıza əminik. Çünki Mərkəzi Bankın sığorta sektorunun inkişafı üçün atdığı mütərəqqi dəstəkləyici addımlar, həyata keçirdiyi fundamental əhəmiyyətli islahatlar bizim əminlik göstəricimizdir. Bu yolda ən səmimi niyyətimiz dövlətimizin inkişafına dəstək verməkdir. Çünki güclü sığorta güclü iqtisadiyyat, güclü iqtisadiyyat isə güclü dövlət deməkdir", - deyə E.Mirsalayev qeyd edib.

Xəbər lenti