Xəzər Xəbər

Azərbaycandakı iqtisadi artımın perspektivləri ilə bağlı gözləntilər nikbindir

İqtisadiyyat | 10:43 • 28 Dekabr 2023
Azərbaycandakı iqtisadi artımın perspektivləri ilə bağlı gözləntilər nikbindir

Gələn il real iqtisadi artım tempinin 3-3.5 faiz, o cümlədən qeyri-neft-qaz sektoru üzrə 5-5.5 faiz civarında olacağı gözlənilir.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir.

“Növbəti ildə də işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı bərpa-quruculuq işləri iqtisadi artıma müsbət impulslar verəcək. Ölkədə makroiqtisadi sabitliyin qorunması iqtisadi artım proqnozunun reallaşmasının əsas şərtlərindən biri olaraq qalacaq. Hökumətin, beynəlxalq maliyyə-kredit təşkilatlarının və aparıcı reytinq agentliklərinin də Azərbaycandakı iqtisadi artımın perspektivləri ilə bağlı gözləntiləri nikbindir. İqtisadi siyasətin digər istiqamətləri çərçivəsində həyata keçirilən tədbirlər də Mərkəzi Bankın makroiqtisadi proqnozlarının hazırlanmasında nəzərə alınacaq. 2024-cü ildə də fiskal siyasət pul siyasətinin həyata keçirilməsi şəraitinə, bank sisteminin likvidliyinə, valyuta bazarına və məcmu tələbə təsir göstərən amillərdən biri olacaq”, - deyə bəyanatda vurğulanır.

O da qeyd olunur ki, növbəti ildə büdcə qaydasının tətbiqinin davam etdirilməsi və borclanmanın yeni qəbul edilmiş parametrlər çərçivəsində həyata keçirilməsi fiskal dayanıqlığın təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir: “Dövlət investisiyaları ölkənin istehsal potensialının artırılmasına və onun strukturunun optimallaşdırılmasına əhəmiyyətli töhfə verə bilər ki, bu da uzunmüddətli dövrdə inflyasiyaya təsir göstərəcək amildir”.

Xəbər lenti