Büdcə zərfində inzibati təsnifata uyğun olaraq bir sıra dəyişikliklərin edilməsinə ehtiyac yaranıb.
Xezerxeber.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında 2024-cü ilin büdcə zərfinin üçüncü oxunuşda müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, bunlar deputatlar tərəfindən qaldırılan məsələlərə bağlıdır: “Bu, əsasən təhsil sahəsindəki problemlərlə bağlı məsələlərə aiddir. Elm və Ali Təhsil və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət agentliklərinə vəsait yönəldiləcək. Bu xərclər Elm və Təhsil Nazirliyinin Aparatının saxlanması xərclərinin 15 milyon manat azaldılması hesabına ayrılacaq. Aparatın xərclər azaldılacaq və Nazirliyin tabeliyində olan agentliklərə bu vəsait yönəldiləcək. Müvafiq olaraq büdcədə ehtiyat kimi yaradılmış vəsait hesabına bunu tənzimləyə bilirik. Dövlət Su Agentliyinin və Suların İstifadəsinə Nəzarət Xidmətinin Aparatının saxlanması üçün tələb olunan 5,9 və 3,6 milyon vəsait də təmin ediləcək. Bunlar da əlavə xərcə getmədən ehtiyat kimi yaradılmış vəsait hesabına təmin ediləcək. Milli Məclisin də 2024-cü il üzrə xərclərinin 252, 5 min manat artırılması nəzərdə tutulub”.