Xəzər Xəbər

Nazir: Növbəti iki ildə Azərbaycanın xarici dövlət borcu əhəmiyyətli dərəcədə azalacaq

İqtisadiyyat | 15:12 • 2 Noyabr 2023
Nazir: Növbəti iki ildə Azərbaycanın xarici dövlət borcu əhəmiyyətli dərəcədə azalacaq

Növbəti iki ildə bizim xarici dövlət borcumuz əhəmiyyətli dərəcədə azalacaq və təxminən 5 milyard dollar səviyyəsinə qədər enə bilər. Hazırda Azərbaycanın xarici dövlət borcu 6,5 milyard dollar səviyyəsindədir.

Xezerxeber.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 2-də keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.

O bildirib ki, ümumi dövlət borcunun ÜDM-nisbəti son günlərə qədər 14,4 faizə bərabər idi. Burada xarici dövlət borcunun payına 9,3 faiz, daxili dövlət borcunun payına isə 5,1 faiz düşür.

“Bizim ortamüddətli proqnozlara nəzər yetirsək, görərik ki, dövlət borcunun bir qədər artımı proqnozlaşdırılır. Bunun iki səbəbi var. Əsas səbəb ondan ibarətdir ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən müvafiq təkliflər qəbul edilib. Bizim borclanma siyasətimizdə dəyişikliklər edilib. Bununla borcun ÜDM-ə nisbəti 30 faizə qədər artırılıb. Əvvəlki limit 20 faiz səviyyəsində idi. Bununla yanaşı, xarici dövlət borcuna dair siyasət hədəfləri qoyulub. Növbəti ildə əhəmiyyətli dərəcədə borcun qaytarılması nəzərdə tutulur. Bunun nəticəsi olaraq xarici dövlət borcumuz azalacaq. Digər ümumi siyasət istiqaməti ona yönəlib ki, daxili dövlət borcumuzun, ümumi dövlət borcunda xüsusi çəkisi artsın. Nəyə görə bu edilir? Ona görə ki, xarici borclanmadan biz daha çox asılı olmayaq. Digər tərəfdən, 2015-ci illərdəki təcrübəmiz onu göstərir ki, xarici dövlət borcunun qiyməti hər hansı bir məzənnə dəyişikliyi baş verdikdə kəskin surətdə manat ifadəsi də artır. Bu baxımdan daha təhlükəsiz hesab olunur ki, biz daxili dövlət borcunu artıraq. Daxili dövlət borcunun həcminin artırılması bizim maliyyə sektorunun, bank sektorunun inkişafına da müsbət təsir göstərir”, - deyə nazir vurğulayıb.

Xəbər lenti

Çox oxunanlar