Qiymətləndiricinin və qiymətləndirici təşkilatın hüquqları müəyyənləşir.
Xezerxeber.az xəbər verir ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sentyabrın 25-də keçirilən iclasında müzakirəyə çıxarılıb.
Sənədə əsasən qiymətləndirici və qiymətləndirici təşkilat aşağıdakı hüquqlara malikdir:
- qiymətləndirmə fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, qiymətləndirmə üzrə yanaşma və metodları müstəqil seçmək;
- qiymətləndirmə prosesində sifarişçidən zəruri olan sənədləri tələb etmək, əlavə məlumat və izahatlar almaq;
- qanunla qorunan sirr təşkil edən məlumatlar istisna olmaqla, qiymətləndirməni həyata keçirmək üçün zəruri hesab etdiyi hər cür məlumatı yazılı və ya şifahi formada üçüncü şəxslərdən almaq;
- qiymətləndirmənin aparılmasına müqavilə əsasında mütəxəssisləri cəlb etmək;
- sifarişçi müqavilə şərtlərini pozduqda və qiymətləndirmə obyekti barəsində zəruri hesab edilən məlumatları vermədikdə, habelə qiymətləndirmənin aparılması üçün təhlükəsiz və normal iş şəraiti yaratmadıqda qiymətləndirməni həyata keçirməkdən imtina etmək;
- sifarişçidən qiymətləndirməyə görə xidmət haqqını tələb etmək.
Qiymətləndirici bu Qanunun 6-cı maddəsində müəyyən edilmiş qaydada müvafiq ixtisas şəhadətnamələrini əldə etməklə, bir neçə istiqamət üzrə qiymətləndirmə fəaliyyətini həyata keçirmək hüququna malikdir.