Xəzər Xəbər

Süni intellekt bazarı böyüyür

İqtisadiyyat | 10:34 • 25 Sentyabr 2023
Süni intellekt bazarı böyüyür

Statistika göstərir ki, süni intellekt bazarı 2022-ci ildə 136 milyard dollar dəyərində qiymətləndirilib və 2023-cü ildən 2030-cu ilə qədər bu bazarın illik 37,3 faiz nisbətində böyüyəcəyi gözlənilir.

Xezerxeber.az xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov sentyabrın 25-də "Yeni nəsil iqtisadiyyatda süni intellekt: çağırışlar və imkanlar" mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, gələcəkdə Süni İntellekt texnologiyalarının geniş tətbiqi bu sahəyə diqqətin artırılmasını tələb edir, yeni təfəkkürə malik mütəxəssislərin yetişdirilməsi və etik standartların müəyyənləşdirilməsini zəruri edir. Texnologiyanın sürətli inkişafı və qabaqcıl GPT modellərinin yaranması satınalmalar üçün standartların yaradılmasına böyük ehtiyac doğurur. Bu sahədə yeni qaydaların və prosedurların hazırlanması da çox vacibdir. Müəssisələr daxilində satınalma prosesini daha səmərəli təşkil etmək üçün rəhbər heyət təşkilatın Süni İntellekt strategiyasının vahid planını müəyyənləşdirməlidir.

"Dünya İqtisadi Forumu tərəfindən Süni intellekt əsaslı həllərin satınalmaları zamanı istifadəsi tövsiyə olunan Təlimatlar ekosistemin formalaşdırılması istiqamətində önəmli addımlardan biri kimi qiymətləndirilə bilər və onlar süni intellekt həllərini satın almaq istəyən qurumlara faydalı çərçivə təmin edə, əlavə olaraq növbəti mərhələlərdə sözügedən proseslərdə standartların formalaşdırılmasına və bu sahədə tənzimləyici nəzarəti həyata keçirən dövlət qurumlarının fəaliyyətinə də önəmli töhfə verə bilər. İstər dövlət qurumlarının, istərsə də özəl müəssisə və təşkilatların fəaliyyətlərində səmərəliliyin təmin edilməsi və ya artırılması üçün süni intellekt, əşyaların interneti, blokçeyn, avtonom robotlar və s. kimi 4Sİ texnologiyaları əsaslı həllər tələb olunur. Bu kimi həllərin təchizatı, satınalınması, istifadəsi və yayılması isə müvafiq ekosistemin formalaşdırılmasını tələb edir ki, fiziki və virtual infrastruktur, o cümlədən qanunvericlik, standartlar və etik çərçivələr bu ekosistemin komponentləridir" , - deyə nazir müavini qeyd edib.

Xəbər lenti

Çox oxunanlar