Avqustun 1-də Azərbaycan cüdoçusu Zelim Kotsoyev “Paris-2024” XXXIII Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.
Xezerxeber.az xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Avropa və dünya çempionu qızıl medal uğrunda qarşılaşmada gürcüstanlı İlya Sulamanidze ilə üz-üzə gəlib. Rəqibinə ipponla qalib gələn idmançımız Olimpiya çempionu olub.
Qeyd edək ki, Olimpiadada mübarizəyə səkkizdəbir final mərhələsindən başlayan cüdoçumuz birinci görüşdə polşalı Pyotr Kuçera ilə qarşılaşıb. Rəqibinə ipponla qalib gələn dünya və Avropa çempionumuz adını dörddəbir finala yazdırıb. Bu mərhələdə İsrail təmsilçisi Peter Palçiki vaza-ari xalı ilə məğlub edən Z.Kotsoyev yarımfinala vəsiqə qazanıb. İdmançımız yarımfinalda özbəkistanlı Muzaffarbek Turoboyevə də vaza-ari ilə qalib gələrək finala yüksəlib.
Xatırladaq ki, bu, Azərbaycan komandasının Paris Olimpiadasında qazandığı ikinci medal olub. Daha əvvəl cüdoçu Hidayət Heydərov (73 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq Parisdə Azərbaycan Himnini səsləndirib.
18:44
Azərbaycan cüdoçusu Zelim Kotsoyev “Paris-2024” Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.
Xezerxeber.az xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Avropa və dünya çempionu özbəkistanlı Muzaffarbek Turoboyevlə qarşılaşıb. Rəqibinə vaza-ari ilə qalib gələn cüdoçumuz finala vəsiqə qazanıb. O, həlledici qarşılaşmada gürcüstanlı İlya Sulamanidze ilə üz-üzə gələcək.
Qeyd edək ki, bununla da Azərbaycan Paris olimpiadasında ikinci medalı təmin edib. Çünki Zelim Kotsoyev ən pis halda gümüş mükafat qazanacaq. Daha əvvəl cüdoçu Hidayət Heydərov (73 kiloqram) Olimpiya çempionu olub.