Yeni bir araşdırma nəticəsində məlum olub ki, idman zalında çəkilərlə məşqlər zamanı əzələlərin tükənməsinə qədər idman etmək əzələ böyüməsinə təsir edir, lakin belə güc artımı heç də doğru hesab olunmur.
AZƏRTAC “The İndependent” nəşrinə istinadla xəbər verir ki, həmin araşdırmanın nəticələri “Sports Medicine” jurnalında dərc edilib.
Florida Atlantik Universitetinin alimlərinin fikrincə, əzələ yaratmağı hədəfləyənlər onun inkişafını optimallaşdırmaq və ya zədə riskini minimuma endirmək üçün “effektiv zona” daxilində işləməlidirlər. Bildirilib ki, güc məşqlərində əzələləri tükənəcək qədər gərginləşdirməkdənsə, daha ağır yüklər üzərində işləmək lazımdır. Məşq edənin tükənməyə nə qədər yaxınlaşması ilə əzələ kütləsi və gücündəki qazanc arasında əlaqəni daha yaxşı başa düşmək üçün əvvəlki 214 araşdırma tədqiq edilib.
Tədqiqatçılar bildiriblər ki, yük intensivliyi insanın gücünü artırmaqda daha böyük rol oynaya bilər. Bu zaman təlimlərin, məşqlərin çətinliyi uzun müddətdə ümumi performansı pozmağa qadirdir. Həmin səbəbdən alimlər güc toplamaq üçün məşq edənlərə bədənə əlavə fiziki yük qoymadan istirahəti tövsiyə edirlər. Qeyd olunub ki, bu nüansları başa düşmək idman zalında məşq edənlərə gündəlik işləri optimallaşdırmağa daha yaxşı imkan verəcək. Tədqiqatçılar daha bir faktı əlavə edərək bildiriblər ki, lüzumsuz yorğunluğa öyrəşmək sinir-əzələ yorğunluğu ehtimalının artmasına səbəb ola bilər.
Alimlər diqqətə çatdırıblar ki, gələcək tədqiqatlara işıq sala biləcək bu araşdırma məşq edənlərin konseptual anlayışını təkmilləşdirmək potensialına malikdir.