Parisdə 2024-cü il Olimpiya Oyunlarında Fransanın pilotsuz uçuş aparatlarının (PUA) aşkarlanması və neytrallaşdırılması sistemindən - “Parade”dən istifadə olunacaq. Aparat sıx şəhər tikililəri arasında üç drondan yalnız birini təyin etməyə qadirdir və bu, PUA-lar vasitəsilə terror aktları riskini artırır.
AZƏRTAC xəbər verir ki, Böyük Britaniyanın “The Times” qəzeti ekspertlərə istinadla bu barədə məlumat yayıb.
Onların fikrincə “Thales” konserni tərəfindən yaradılan və 350 milyon avro dəyərində olan “Parade” üstün sistem hesab olunmaqdan çox uzaqdır. “Parade”nin sınaqlarının gedişi ilə tanış olan mütəxəssislərdən birinin sözlərinə görə, bu sistem çox vaxt kondisionerlərin ventilyatorlarını pilotsuz uçuş aparatı kimi qəbul edir və dronları yalnız 800 metrədək məsafədə aşkarlaya bilir. Eyni zamanda qeyd olunur ki, bu, Olimpiya Oyunları zamanı təhlükəsizliyin təminatı üçün istifadə olunacaq sistemlərdən təkcə biridir. Olimpiadada, həmçinin aparatları neytrallaşdıran radioelektronlu Britaniya sistemləri cəlb olunacaq.
Qəzet xatırladıb ki, 2023-cü ilin payızında reqbi üzrə Fransada keçirilən dünya çempionatında təhlükəsizlik məqsədləri üçün artıq “Parade”dən istifadə olunub. O vaxt sistem PUA-lardan istifadə ilə bağlı 55 hadisə aşkarlamışdı, bu dronların operatorlarının onlardan istifadəyə icazələri yox idi.