Məşqçilik düşüncələrim Voronejdə yarandı. Bəlkə də o istək bu sahədə olmağıma kömək oldu.
Xezerxeber.az Idman.biz-ə istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov PFL-in yutub kanalına müsahibəsində deyib.
Bu gün 52 yaşını qeyd edən mütəxəssis karyerasından danışıb. Çalışdırıcı futbolçu kimi "Fakel"dəki unudulmaz xatirələri yada salıb: "Voronejdə ilk qollarımı vurduğum zaman azarkeşlərin sevgisini qazanmışdım. Şəhərə çıxanda hamı tanıyırdı. Hamı çox xoş münasibət göstərirdi. Voronej futbol şəhəridir. Rusiyanın ən aktiv şəhərlərindən biridir. Ora getdiyim vaxtdan çox uğurlu oyunlarım oldu və belə də davam etdi. Valeri Qeorqiyeviç Nenenko baş məşçi idi. Yaxşı da işbirliyimiz alındı. İkinci dövrəni orda oynadım və Rusiya Premyer Liqasına vəsiqə qazandıq. Valeri Şmarovla daha çox bir yerdə olurduq. Bir otaqda qalırdıq. Baş məşqçi maraqlı insan idi. Onun bütün futbolçular ilə münasibəti çox yaxşı idi. Həm tələbkar, həm də zarafatcıl idi. Mənə əlavə simpatiyası var idi. İstər-istəməz Qafqazadan gəlmişdim. Xarakterim fərqli idi. O da işgüzar insanlara dəyər verirdi".
Qurbanov Voronejdə ilk oyununu çox yaxşı xatırlayır. O bildirib ki, bu klub onun məşqçilik karyerasında da böyük rol oynayıb: "İlk oyunumdan öncə zədələnmişdim. Qeorqiyeviç soruşdu ki, oyuna çıxa bilərsən? Mən də "hazıram" dedim. Matça çıxdım, 4:3 həmin oyunu udduq. Bizə bərabərlik də bəs edirdi. Hətta penaltini vura bilmədim. Amma digər oyunçumuz onu qola çevirdi. 3-cü, 4-cü qolu mən vurdum. Həmin oyun bizim Yüksək Liqaya çıxmağımıza çox böyük səbəb oldu. Rusiyada ilk ilim daha yaddaqalan oldu. Həmin ildən sonra Rusiyada abu-havanı yaxşı hiss etdim. Hər bir futbolçu qarşısına məqsəd qoyur. O vaxt bizdə məqsəd legioner həyatı yaşamaq idi. Mənə də "Fakel"də oynamaq qismət oldu. Rusiya Premyer Liqasında çıxış etməyi bacardıq. Legioner həyatımda Voronej ən yaddaqalan şəhər oldu. Hətta mən Voronejdə olanda son illər məşqçilik haqqında düşündüm. Orda bəzi məşqləri yazmağa başladım. Bu istək məşqçi olmağıma kömək oldu".
Qeyd edək ki, Qurban Qurbanov futbolçu karyerasını bitirdikdən sonra 2005-cı ildə "İnter"də idman direktoru kimi fəaliyyətə başlayıb. Mütəxəssis 2006-07-ci illərdə "Neftçi"nin baş məşqçisi olub. Qurbanovun ən böyük tarixi uğurları isə 2008-ci ilin yayından rəhbərlik etdiyi "Qarabağ"la bağlıdır. Ağdam klubu onun rəhbərliyi altında 10 dəfə Azərbaycan çempionu adını, 5 dəfə ölkə kubokunu qazanıb.