Qurban Qurbanov baş məşqçi kimi 10-cu dəfə Azərbaycan çempionu tituluna yiyələnib.
Xezerxeber.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bütün bu titulları “Qarabağ”ın “sükanı arxası”nda qazanan 52 yaşlı mütəxəssis özünün sahib olduğu rekordu yeniləyib.
O, bu çempionluqları son 11 ildə qazanıb. 10-cu zəfər Premyer Liqanın XXVIII turunun “Kəpəz”lə səfər oyununda (6:1) əldə olunub.
Q.Qurbanov bunadək 2013/2014, 2014/2015, 2015/2016, 2016/2017, 2017/2018, 2018/2019, 2019/2020, 2021/2022, 2022/2023-cü illər mövsümlərində də “Qarabağ”ın çempionluğunun memarı olub.
İkinci sıradakı Ağasəlim Mircavadovun 5 çempionluğu var: 1993, 1999/2000, 2000/2001, 2004/2005, 2006/2007. Kazbek Tuayev (1993/1994, 1995/1996, 1996/1997, 2003/2004) dörd, Mehman Allahverdiyev (1994/1995, 1997/1998, 1998/1999) və Böyükağa Hacıyev (2005/2006, 2011/2012, 2012/2013) hərəyə üç dəfə çempionluq sevinci yaşayıb.
Belə uğuru olan 11 məşqçidən altısı yalnız bir dəfə qızıl medala yiyələnib. Əhməd Ələsgərov 1992, Valentin Xodukin 2007/2008, Qyoko Hacıyevski 2008/2009, Kaxaber Sxadadze 2009/2010, Arif Əsədov 2010/2011 və Samir Abasov 2020/2021-ci illər mövsümündə buna nail olub.