Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası və Azərbaycan Atletika Federasiyası ilə birgə keçirdiyi Xankəndi - Bakı ultramarafonununa bu gün yekun vurulub.
Xezerxeber.az xəbər verir ki, atletlər yarışın beşinci mərhələsində Qobustandan Bakıya olan məsafəni qət ediblər.
“Qürurla irəli” şüarı ilə təşkil edilən marafonun son günündə iştirakçılar 55 km qaçaraq ən güclüləri müəyyənləşdiriblər. Bakıda yekunlaşan mərhələdə finişə Artyom Əliyev birinci çatıb. O, həmçinin ümumi mərhələnin qalibi olub.
Fevralın 29-da Xankəndidə start götürən ultramarafon iştirakçıları bunadək Xankəndi - Yevlax (83 km), Yevlax - Ucar (84 km), Ucar - Hacıqabul (88 km), Hacıqabul - Qobustan (70 km) mərhələlərini başa vurublar. Yarışda hər mərhələnin qalibləri ayrılıqda təltif ediliblər. Ultra marafonun ümumi qalibləri isə baş mükafata layiq görülüblər.
Qeyd edək ki, 380 km-dən ibarət olan ultramarafonda ümumilikdə 64 idmançı mübarizəyə başlayıb. Onlar arasında Türkiyə, Meksika və Moldova təmsilçiləri olub.