Xəzər Xəbər

Qurban Qurbanov "Qarabağ"-"MOİK" oyunu BARƏDƏ

İdman | 16:40 • 21 Dekabr 2023
Qurban Qurbanov "Qarabağ"-"MOİK" oyunu

"Sizi təbrik edirəm. Xankəndi stadionunda olduğumuz üçün həddindən artıq sevincliyəm. Neçə il bunu həsrətlə gözləyirdik".

Xezerxeber.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Xankəndidə MOİK-ə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis cənab Prezident İlham Əliyevə və Azərbaycan Ordusuna təşəkkür edib: "Şəhidlərimizin qəhrəmanlığı sayəsində buradayıq. Xalqımıza hər zaman sağlam və xoşbəxt olmağı arzulayıram. Bu matçda həyəcan var idi. Son saniyələrdə qolun vurulması maraqlı alındı. Rəqib sonadək mübarizə apardı. Onları təbrik edirəm".

Qurbanov MOİK-dən bu cür əzmkar mübarizə gözləmədiyini söyləyib: "Qapımız önündə bir neçə qol epizodları da yaratdılar. Oyunçularımız həyəcanlı olduqları üçün özlərini tam göstərə bilmədilər. Kubok matçlarını burada keçirmək istəyirik. Finala kimi getsək, burada oynamağı planlaşdıra bilərik. Gələcəkdə bu yöndə addımlar atılacaq. Cənab Prezidentin əsl azərbaycanlı kimi bir siyasəti var. "İmarət" stadionunu Ağdama geri qaytarmaq istəyir. Belə diqqət ayırdığına görə təşəkkür edirəm. Böyük məmnuniyyətlə orada oynayarıq".

Təcrübəli baş məşqçi Riçard Almeydanın başından zədə aldığı üçün görüşü davam etdirə bilmədiyini sözlərinə əlavə edib: "MOİK-in belə mübarizə aparması gələcəyə ümid verir. Onlar da bu gün tarixə düşdülər".

Qeyd edək ki, bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq.

Son oyun gününə nəzərdə tutulan 2 matçdan artıq 1-i başa çatıb. Ağdamın “Qarabağ” komandası adını daşıdığı Qarabağ bölgəsinin mərkəzi şəhərlərindən olan Xankəndidə MOİK-lə qarşılaşıb. Bu, 30 illik fasilədən sonra Qarabağ bölgəsinin işğaldan azad edilən hissəsində ilk rəsmi oyun olub.

 

"Qarabağ" 90+5-ci dəqiqədə vurduğu qolla 1:0 hesabı ilə qalib gəlib və 1/4 finala adlayıb.

1/8 finalın son matçında "Neftçi" "Qaradağ Lökbatan"ı qəbul edəcək.  Qarşılaşmaya saat 18:00-da start veriləcək.

Qeyd edək ki, 1/8 final mərhələsi bir oyundan ibarətdir.

21 dekabr 

14:00. “Qarabağ” – MOİK - 1:0

Qol: Nəriman Axundzadə, 90+5

Xankəndi şəhər stadionu

Xəbər lenti

Çox oxunanlar