Oktyabrın 8-də futbol üzrə Azərbaycan Premyer Liqasında ilk dövrəyə yekun vurulacaq.
Xezerxeber.az xəbər verir ki, dövrənin sonuncu - IX turunun son oyun günündə iki qarşılaşma keçiriləcək.
Günün ilk matçında 8 xalla yeddinci sırada qərarlaşan “Sumqayıt” 5 xalla sonuncu - 10-cu pillədə yer alan “Kəpəz”i qəbul edəcək. “Kapital Bank Arena”da keçiriləcək görüş saat 16:30-da başlayacaq. Qarşılaşmanı Emin Əliyev idarə edəcək.
İki komanda indiyədək ölkə çempionatında 24 dəfə qarşılaşıb. Bunların 10-da sumqayıtlılar, 6-da gəncəlilər qalib gəliblər. Səkkiz qarşılaşmada heç-heçə qeydə alınıb. Top fərqi də “gənclik şəhəri” təmsilçisinin xeyrinədir - 31:24. Meydan sahibləri son 5 oyunda qələbə qazanmayıblar. “Sumqayıt” son 3 matçda qol vurub.
Tur Azərbaycan derbisi ilə başa çatacaq. Prinsipial oyunda "Qarabağ" "Neftçi"nin qonağı olacaq. Saat 19:30-da start götürəcək matçı Rəşad Əhmədov idarə edəcək. Komandalar “Neftçi Arena”da üz-üzə gələcəklər.
Hazırda Ağdam klubu 16 xalla üçüncü, Bakı təmsilçisi isə 12 xalla beşincidir. Bu, komandaların Premyer Liqadakı 92-ci dueli olacaq. Əvvəlki 91 oyunun 23-də “ağ-qaralar”, 37-də “köhlən atlar” qələbə qazanıblar, 31 görüş heç-heçə ilə yekunlaşıb. Top nisbətində Qurban Qurbanovun komandasının aşkar üstünlüyü var - 116:83. “Neftçi” son 8 görüşdə qələbə qazanmayıb. “Qarabağ” son iki mövsümdəki bütün matçlarda qol vurub.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Zirə" evdə "Turan Tovuz"a 2:1, "Səbail" səfərdə "Qəbələ"yə 1:0 hesabı ilə qalib gəlib, "Sabah" - "Araz-Naxçıvan" matçında isə qalib müəyyənləşməyib - 1:1.