Xəzər Xəbər

Bu gün “Neftçi” “Turan Tovuz”un, “Sabah” “Səbail”in qonağı olacaq

İdman | 13:25 • 30 Sentyabr 2023
Bu gün “Neftçi” “Turan Tovuz”un, “Sabah” “Səbail”in qonağı olacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha iki oyunu keçiriləcək.

Xezerxeber.az xəbər verir ki, günün ilk matçı Tovuzda olacaq. “Neftçi” səfərdə “Turan Tovuz”la qarşılaşacaq. Tovuz şəhər stadionunda oynanılacaq matçı Emin Əliyev idarə edəcək.

Yeddi turdan sonra turnir cədvəlində meydan sahibləri 11 xalla dördüncü, qonaqlar isə 9 xalla altıncıdır.

Bu, iki komandanın ölkə çempionatında 5-ci dueli olacaq. Əvvəlki 4 görüşün ikisində paytaxt klubu, birində bölgə təmsilçisi qələbə qazanıb. Bir qarşılaşmada isə qalib müəyyənləşməyib. Topların nisbətində də “ağ-qaralar”ın cüzi üstünlüyü var – 5:4. Komandalar arasında son iki görüşdə eyni sayda – 4 qol vurulub.

Günün son oyununda “Səbail” “ASCO Arena”da “Sabah” komandasını qəbul edəcək. Cavid Cəlilovun idarə edəcəyi qarşılaşma saat 18:00-da başlayacaq.

Mövsümə əla başlayan “dənizçilər” hazırda 13 xalla üçüncü sırada yer alıblar. Murad Musayevin komandası isə 5 xalla 8-ci pillədə gedir.

Komandalar bunadək Premyer Liqada 19 oyunda qarşılaşıblar. Matçların doqquzu “Sabah”ın, altısı “Səbail”in xeyrinə başa çatıb. Dörd oyunda isə heç-heçə qeydə alınıb. “Tələbələr”in vurduğu 25 qola “dənizçilər” 15 topla cavab veriblər.

Son üç görüşdə ən azı 2 qol vurulub. “Sabah” son 4 səfərdən qolsuz ayrılmayıb.

Azərbaycan Premyer Liqası

VIII tur

30 sentyabr (şənbə)

16:00. “Turan Tovuz” – “Neftçi”

Hakimlər: Emin Əliyev, Müslüm Əliyev, Şirmamed Mamedov, Fərid Hacıyev

Hakim-inspektor: Barış Şimşek

AFFA nümayəndəsi: Elgiz Abbasov

Tovuz şəhər stadionu.

18:00. “Səbail” – “Sabah”

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Rəhman İmami, Tural Qurbanov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Aslan Şahgəldiyev

“ASCO Arena”.

Qeyd edək ki, turun açılış oyununda “Qarabağ” “Azersun Arena”da “Sumqayıt”ı 5 cavabsız qolla məğlub edib. Tura oktyabrın 1-də keçiriləcək "Kəpəz" - "Qəbələ" və "Araz-Naxçıvan" - "Zirə" matçları ilə yekun vurulacaq.

Xəbər lenti