Bu gün Azərbaycan Premyer Liqasının XXXIV turu çərçivəsində daha iki oyun keçiriləcək.
Xezerxeber.az xəbər verir ki, günün ilk qarşılaşmasında “Qəbələ” doğma meydanda "Turan Tovuz"u qəbul edəcək. Saat 18:00-da start götürəcək matç baş hakim Nicat İsmayıllıya həvalə olunub.
Hesabında 48 xal olan “Qəbələ” turnir cədvəlində dördüncü, Tovuz klubu isə 35 xalla altıncı pillədə qərarlaşıb.
Günün son oyununda “Səbail” klubu “ASCO Arena”da "Qarabağ” ilə qarşılaşacaq. Matça 20:30-da start veriləcək və qarşılaşmanı baş hakim Kamal Umudlu idarə edəcək.
Səksən dörd xalla turnir cədvəlinə başçılıq edən Ağdam klubu qalib gələcəyi təqdirdə çempionluğu vaxtından əvvəl təmin edəcək. Elitada qalmaq uğrunda mübarizə aparan "Səbail" isə 25 xalla 9-cu sırada yer alıb.
Qeyd edək ki, XXXIV turun açılış oyununda "Zirə" evdə "Kəpəz"lə 1:1 hesablı heç-heçəyə razılaşıb. Turun "Neftçi" - "Şamaxı" matçı mayın 14-də, "Sumqayıt" - "Sabah" qarşılaşması isə mayın 17-də keçiriləcək.