Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Gəncə şəhəri, İsaq Cəfərov küçəsində beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində partlayış baş verməsi barədə ilkin məlumat daxil olub.
Xezerxeber.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən bildirilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən binanın dördüncü mərtəbəsində yerləşən mənzildə partlayış baş verdiyi və dağıntı yarandığı müəyyən edilib.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş operativ xilasetmə əməliyyatı sayəsində dağıntı altından dörd nəfər sağ çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib. Hadisə nəticəsində iki nəfər həyatını itirib.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.