Xəzər Xəbər

Azərbaycan Ordusunun əsgəri təlimdə odlu silahdan açılmış atəş nəticəsində ölüb

Hadisə | 22:35 • 5 Aprel 2024
Azərbaycan Ordusunun əsgəri təlimdə odlu silahdan açılmış atəş nəticəsində ölüb

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Xələfov Saleh Kamal oğlunun təlim atış çalışmaları yerinə yetirilən zaman ona təhkim olunmuş odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə Qubadlı hərbi prokurorluğuna məlumat daxil olmuşdur.

Hərbi Prokurorluqdan Xezerxeber.az-a bildirilib ki, həmin məlumat əsasında Qubadlı hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, eləcə də izahatlar alınmış və digər hərəkətlər icra edilmişdir.

Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müxtəlif ekspertizalar təyin edilərək icraya yönəldilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.

Xəbər lenti

Çox oxunanlar