Xəzər Xəbər

7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən məşqçi ilə bağlı YENİ XƏBƏR - YENİLƏNİB

Hadisə | 15:00 • 14 Avqust 2023
7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən məşqçi ilə bağlı YENİ XƏBƏR - YENİLƏNİB

Sumqayıtda 7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən idmançı Mehman Xəlilovun barəsində yeni ittihamlar irəli sürülüb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, aprelin 29-u 2016-cı il təvəllüdlü Fərid Bakarovun Sumqayıt şəhər Uşaq Xəstəxanasında ölməsi faktı ilə bağlı şəhər prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

İbtidai istintaqla 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıt şəhəri ərazində yerləşən məktəblərdən birində sambo idman növü üzrə keçirilən təlim zamanı tələbəsi Fərid Bakarova çoxsaylı zərbələr vuraraq xüsusi amansızlıqla qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Mehman Xəlilova Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu (xüsusi amansızlıqla və təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

***

Sumqayıtda 7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən idmançı Mehman Xəlilovun barəsində yeni ittiham irəli sürülüb.

Xezerxeber.az “Report”a istinadən xəbər verir ki, o, Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ittiham olunur.

Artıq cinayət işinin ibtidai istintaqı başa çatıb və baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Fəhmin Hümbətovun icraatına verilib.

Məhkəmə iclası avqustun 24-nə təyin edilib.

Qeyd edək ki, bu il aprelin 29-da Sumqayıt şəhərində tanınmış idmançı M.Xəlilov məşq zamanı tələbəsi olan 7 yaşlı Fərid Bakarova qarşı təhlükəli fənd işlədib. Nəticədə 7 yaşlı uşaq xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

M.Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub.

Sumqayıt Şəhər Məhkəməsinin qərarına əsasən, onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

Xəbər lenti