Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Kürdəmir rayonunun Karar kəndi ərazisindən keçən hissəsində baş verən ağır qəzada 2 nəfər ölüb, 8 nəfər yaralanıb.
Xezerxeber.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kürdəmir rayonunun Sığırlı kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı mikroavtobus və “КамАЗ” markalı yük avtomobili toqquşub, 1 nəfər mikroavtobusda sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində daha 1 nəfərin cəsədi zədələnmiş nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
"Qəzada ölən şəxslərdən birinin kimliyi məlumdur. Bu Həmidə Quliyevadır."
Qəza zamanı Quliyev Fəxrəddin Məhəmmədhəsən oğlu, Quliyev Elgün Rəhbər oğlu, Məmmədova Zeynəb Mübariz qızı, Quliyeva Zəhra Vüqar qızı, Quliyev Məhəmməd Vüqar oğlu, Quliyeva Qələmnaz Vüqar qızı, Əliyev İlqar Gəray oğlu, Mehdiyev Eldəniz Zahid oğlu xəsarət alıblar.
Artıq hadisə ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.