Xəzər Xəbər

Şəmkirdə ağır qəzada Polis ölüb, qardaşının köməyinə gələn şəxs də qəza törədib 1 ölü, 4 yaralı

Hadisə | 10:40 • 30 Aprel 2023
Şəmkirdə ağır qəzada Polis ölüb, qardaşının köməyinə gələn şəxs də qəza törədib

Şəmkir rayonunda ağır yol qəzasında Polis əməkdaşı həlak olub, 4 nəfər xəsarət alıb. 

"Xəzər Xəbər"in bölgə müxbiri xəbər verir ki, hadisə gecə saatlarında Şəmkir rayonunda fəaliyyət göstərən şadlıq sarayının qarşısında baş verib. 

Gədəbəy polis şöbəsinin əməkdaşı olan Şəmkir rayon sakini 1991-ci il təvəllüdlü Seyidrüstəm Əliyev Mirsalam oğlu həmin vaxt şəxsi "VAZ-2121" markalı avtomobillə işə gedirərkən 2001-ci il təvəllüdlü Fikrət Bağırovun idarə etdiyi “Priora” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində polis zabiti aldığı xəsarətdən xəstəxanaya aparılan zaman yolda ölüb. F.Bağırov və onun sərnişinləri Quluzadə Toğrul Azər oğlu və Mahmudov Zirəddin Namiq oğlu xəsarət alıb.

Hadisədən xəbər tutan Z.Mahmudovun qardaşı Azər Mahmudov öz maşını ilə hadisə yerinə gedən zaman idarə etdiyi avtomobili maneəyə çırpıb və ağır xəsarət alıb.

Hadisələrdə yaralananlar Şəmkir Mərkəzi Rayon Xəstəxanasına və Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinə yerləşdirilib.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır. 

Xəbər lenti