Xəzər Xəbər

"Bu ikili yanaşma Fransanın riyakarlığını göstərir" - Rəsmi Bakıdan Parisə cavab

Gündəm | 14:26 • 14 Aprel 2025
"Bu ikili yanaşma Fransanın riyakarlığını göstərir" - Rəsmi Bakıdan Parisə cavab

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransa xarici işlər naziri Jan-Noel Barronun regiondakı gərginliklə bağlı verdiyi açıqlamaya cavab verib.

Xezerxeber.az-ın məlumatına görə, XİN rəsmisi özünün "X" hesabında bildirib ki, Fransanın Ermənistana öldürücü silahları tədarük etməsi və sülhə xidmət etməyən uzunmüddətli anti-Azərbaycan mövqeyi xarici işlər naziri Jan Noel Barronnun regionda gərginliyin yaranması ilə bağlı narahatlığını ifadə etdiyi fikirləri ilə uyğun gəlmir.

"Bu ikili yanaşma Fransanın riyakarlığını göstərir", - Ayxan Hacızadə vurğulayıb.

O vurğulayıb ki, sülh razılaşmasının üzərində işin başa çatdırılması önəmli hadisə olsa da, onun imzalanması və regionda uzunmüddətli sülhə nail olunması Ermənistanın Konstitusiyasında Azərbaycana ərazi iddialarının aradan qaldırılmasını və əsasən də Fransa tərəfindən regionda vəziyyətin destabilləşdirilməsinə xidmət edən xarici müdaxilənin aradan qaldırılmasını tələb edir: "Bundan başqa insanlıq əleyhinə cinayətlərdə ittiham olunan şəxslərin mühakiməsinə maneələrin yaradılması təkcə bu işlərin aparılmasını əngəlləmir, həm də törədilən cinayətlərə görə məsuliyyət məsələsinə xələl gətirir”.

Xatırladaq ki, Fransa XİN başçısı jurnalislərə açıqlamasında Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə gərginlik olduğunu iddia edərək bunun narahatlıq doğurduğunu bildirmişdi.

Xəbər lenti