Xəzər Xəbər

Azərbaycanın göndərdiyi humanitar yardımın İdlibdə ehtiyacı olan əhaliyə ayrılması nəzərdə tutulub Xin rəsmisi

Gündəm | 12:00 • 30 Dekabr 2024
Azərbaycanın göndərdiyi humanitar yardımın İdlibdə ehtiyacı olan əhaliyə ayrılması nəzərdə tutulub

Azərbaycanın göndərdiyi humanitar yardımın İdlibdə ehtiyacı olan əhaliyə ayrılması nəzərdə tutulub.

Xezerxeber.az xəbər verir ki, bunu Abşeron Logistika Mərkəzində Azərbaycandan Suriyaya ilk humanitar yardım karvanının göndərilməsi zamanı jurnalistlərə açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.

"Azərbaycan Respublikasının Prezidentinin göstərişinə müvafiq olaraq Suriyada humanitar vəziyyətdən əziyyət çəkən əhaliyə yardım məqsədilə Azərbaycan Respublikasının hökumətinin adından Suriya Ərəb Respublikasına müvafiq humanitar yardım konvoyunun göndərilməsi nəzərdə tutulub. Bu konvoy ümumilikdə 200 tona yaxın qida və ərzaq məhsullarını əhətə edir. Konvoyun Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə üzərindən keçməklə Çobanbəy keçid məntəqəsində Suriyaya və Suriya üzərindən İdlib şəhərinə çatdırılması nəzərdə tutulub. Bu yardımın Türkiyənin AFAD təşkilatı vasitəsilə Suriyanın İdlib şəhərində ehtiyacı olan əhaliyə ayrılması nəzərdə tutulub", - o bildirib.

Onun sözlərinə görə, Azərbaycan XİN müavininin rəhbərlik etdiyi nümayəndə heyəti Suriyada səfərdədir.

"Onlar keçid hökuməti və XİN ilə müvafiq görüş keçiriblər, Suriya ilə Azərbaycan arasında müvafiq əməkdaşlıq məsələlərini müzakirə ediblər. Bildiyiniz kimi, 2012-ci ildən etibarən Suriyada Azərbaycan səfirliyi fəaliyyət göstərmir. Səfiliyin fəaliyyətinin bərpası məsələsi də bu görüşlərin müzakirə mövzusu olub. Qeyd edək ki, Əsəd rejiminin çöküşündən sonra Azərbaycan Suriyanın istiqrarının təmin edilməsi, həmçinin, ölkənin bərpa edilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədilə addımlar atmaq niyyətindədir. Bu məsələlər qardaş Türkiyə ilə birlikdə əlaqələndirilir. Bu istiqamətdə tədbirlərimiz davam etdiriləcəkdir", - A.Hacızadə bildirib.

Qeyd edək ki, bu gün Azərbaycandan Suriyaya ilk humanitar yardım karvanı yola düşüb. Bu, Azərbaycandan Suriyaya gedən ilk yardım konvoyudur.

Bu yardım karvanı 200 tona yaxın qida və ərzaq məhsullarını əhatə edir və 10 maşından ibarətdir.

Xəbər lenti

Çox oxunanlar