Xəzər Xəbər

Qəzaya uğramış “Embraer 190” təyyarəsinin qara qutuları Braziliyaya göndəriləcək

Gündəm | 00:47 • 30 Dekabr 2024
Qəzaya uğramış “Embraer 190” təyyarəsinin qara qutuları Braziliyaya göndəriləcək

Azərbaycan Respublikasının obyektiv və prinsipial mövqeyi nəzərə alınaraq, Azərbaycan Hava Yollarına məxsus və Aktau yaxınlığında qəzaya uğrayan “Embraer 190” tipli sərnişin təyyarəsinin qara qutularının Braziliya Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinə (CENIPA) göndərilməsi barədə qərar qəbul olunub.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) bildirilib ki, xüsusilə vurğulanmalıdır ki, CENIPA-da qara qutuların çatdırılması və oxunması prosesi azərbaycanlı mütəxəssislərin birbaşa müşayiəti və bilavasitə iştirakı ilə həyata keçiriləcək. Bununla yanaşı, Azərbaycan tərəfindən cəlb edilmiş bu sahədə ixtisaslaşmış beynəlxalq ekspertlər də bu prosesdə iştirak edəcək. Bu yanaşma, qəza araşdırmalarının tam şəffaf və beynəlxalq standartlara uyğun aparılmasını təmin etmək məqsədi daşıyır. Bu addım həm də qəzaya dair araşdırmaların obyektivliyinə mümkün şübhələrin qarşısını almağa və nəticələrin beynəlxalq ictimaiyyət üçün etibarlılığını artırmağa xidmət edir. Azərbaycanlı mütəxəssislərin bilavasitə iştirakı və beynəlxalq ekspertlərin prosesi müşayiət etməsi araşdırmanın əhatəliliyini və dəqiqliyini daha da gücləndirəcək.

Nazirlik bildirir ki, CENIPA təyyarə qəzalarının araşdırılmasında yüksək texniki imkanlara malikdir. Mərkəz müasir avadanlıqlarla təchiz olunub və məlumatların deşifr edilməsi üçün beynəlxalq səviyyədə sertifikatlaşdırılmış laboratoriyalara sahibdir.

Xəbər lenti

Çox oxunanlar