Prezident İlham Əliyev Azərbaycan Respublikasında qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Sərəncam imzalayıb.
Xezerxeber.az xəbər verir ki, Sərəncama əsasən, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti nüfuzlu beynəlxalq məsləhətçi şirkətləri cəlb etməklə qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı sahəsində mövcud vəziyyətin təhlil edilməsi, müvafiq bazarın öyrənilməsi və aparılacaq təhlillərin nəticəsindən asılı olaraq bu sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı təkliflərini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli; beynəlxalq standartlar nəzərə alınmaqla, qeyri-filiz faydalı qazıntı yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı sahəsində milli standartların təkmilləşdirilməsi üçün təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməli; bu Sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.