Xəzər Xəbər

Prezidentdən Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun iştirakçılarına Müraciət

Gündəm | 11:02 • 5 Dekabr 2024
Prezidentdən Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun iştirakçılarına

Prezident İlham Əliyev Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun iştirakçılarına müraciət ünvanlayıb.

Xezerxeber.az xəbər verir ki, müraciətdə deyilir:

"Hörmətli Forum iştirakçıları!

Əziz uşaqlar!

Sizi Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun öz işinə başlaması münasibətilə səmimi-qəlbdən salamlayır, hamınıza cansağlığı və xoşbəxtlik arzulayıram.

Uşaqlar cəmiyyətin sabahıdır. Bizim üzərimizə düşən əsas vəzifə onlara aydın səma altında etibarlı gələcək bəxş etməkdir. Ölkəmizdə uşaqlara hərtərəfli qayğının dövlət siyasətinin tərkib hissəsi olması Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindəndir. Bu istiqamətdə bir sıra mühüm işlər görülmüş və görülməkdədir. Uşaqlarımız yüksək təhsil almaq, bacarıqlarını inkişaf etdirmək və istedadlarını üzə çıxara bilmək üçün hər cür imkana malikdirlər. Forumunuzun ənənəvi şəkil alması da Azərbaycanda uşaq hüquqlarına diqqətin bariz təzahürlərindəndir.

Builki Forum “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilir. Onun həsr olunduğu uşaqlar və ekologiya mövzusu aktuallığı ilə seçilir və övladlarımızın təhlükəsiz ətraf mühitdə yaşamaları baxımından xüsusi məna daşıyır. Bu yaxınlarda Azərbaycan nəhəng miqyaslı beynəlxalq tədbirə – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının növbəti 29-cu sessiyasına ev sahibliyi etdi. Konfransda ətraf mühit amillərinin uşaqların sağlamlığına təsiri, uşaqlar naminə iqlim fəaliyyətinin gücləndirilməsi məsələləri geniş müzakirə olundu. Çünki Yer üzündə bütün uşaqların sağlam və təmiz dünyaya, yaşıl gələcəyə ehtiyacı var və onlar buna layiqdirlər.

Əziz iştirakçılar!

Siz müstəqillik salnaməmizə şanlı səhifələrin yazıldığı günlərin şahidi olan ən yeni nəsli burada təmsil edirsiniz. Sizin şəxsinizdə Azərbaycan uşaqlarının hamısına üz tutub deyirəm: xoşbəxtsiniz ki, parlaq mədəniyyət yaratmış qədim və böyük bir xalqın övladlarısınız. Siz həm də gələcəyimizin təminatısınız. Qüdrətli Azərbaycanı məhz sizə əmanət edəcəyik. Siz bizim üçün çox dəyərlisiniz.

İnanıram ki, Forum çərçivəsində aparacağınız əhatəli fikir mübadiləsi və qəbul edəcəyiniz qərarlar uşaqlarla bağlı dövlət siyasətimizin bundan sonra da uğurla gerçəkləşdirilməsi işinə öz töhfəsini verəcəkdir".

Xəbər lenti