Azərbaycanın müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Pakistanda keçirilən “IDEAS 2024” 12-ci Beynəlxalq Müdafiə Sərgisi və Seminarında iştirak etmək üçün bu ölkəyə səfər edib.
Bu barədə Xezerxeber.az-a Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, general-polkovnik K.Vəliyevin rəhbərlik etdiyi, Azərbaycan Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin yüksək rütbəli hərbi qulluqçularının da olduğu nümayəndə heyəti sərgidə nümayiş etdirilən müdafiə və təhlükəsizlik texnologiyaları, müxtəlif təyinatlı silah və hərbi texnika nümunələri ilə tanış olub.
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanın Strateji Planlar Departamentinin Baş direktoru general-leytenant Yusuf Camal ilə görüşüb. Görüşdə hərbi, hərbi-texniki sahədə əməkdaşlığa dair müzakirələr aparılıb.
38 ölkənin, 350-dən artıq beynəlxalq nümayəndə heyətinin iştirakı ilə Kəraçi Ekspo Mərkəzində keçirilən sərgi çərçivəsində, həmçinin konfranslar və seminar təşkil olunacaq.
Qeyd edək ki, “IDEAS 2024” beynəlxalq sərgisi sülhün, stabilliyin və tərəqqinin birgə baxışını özündə ehtiva edir.