Xəzər Xəbər

Uşaqların kifayət qədər təmiz içməli suya çıxışının təmin edilməsi vacibdir Bahar Muradova

Gündəm | 17:35
Uşaqların kifayət qədər təmiz içməli suya çıxışının təmin edilməsi vacibdir

Uşaqların kifayət qədər təmiz içməli suya çıxışının təmin edilməsi vacibdir.

Xezerxeber.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova COP29 çərçivəsində keçirilən "Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti" üzrə yüksək səviyyəli dəyirmi masada deyib.

Onun sözlərinə görə, COP29 çərçivəsində keçirilən müzakirələr birgə həll yollarını tapmaq üçün unikal imkan təqdim edir:

"İqlim dəyişikliyinin təsirləri təkcə ekoloji deyil, həm də şəxsi və sosialdır. İqlim dəyişikliyinin təhsilə və sağlamlığa təsirləri vasitəsilə yaratdığı pozuntular bütün dünyada uşaqlara, ailələrə və icmalara birbaşa təsir edir. Buna görə, onların hərtərəfli inkişafı və ətraf mühit təsirlərindən qorunması yalnız gələcəyə bir sərmayə deyil, həm də Paris Sazişi və Dayanıqlı İnkişaf Məqsədlərinə xidmət edir. İnsan inkişafı fəaliyyətimizin mərkəzində dayanır və iqlim dəyişikliyi fonunda bu diqqətin əhəmiyyəti daha da artır".

B.Muradova bildirib ki, iqlim təsirləri sağlamlıqdan və təhsildən iqtisadi sabitliyə qədər insan inkişafının hər bir sahəsinə toxunduğundan uşaqların hərtərəfli dəstəklənməsi vacibdir:

"İqlim dayanıqlığını qurma yanaşmamız regionlar, icmalar və yaş qrupları arasında əlaqə yaratmaqla hər yerdə uşaqların inkişaf etməsi üçün bilik və dəstək təmin etməyə yönəlib. İqlim savadlı və iqlimə dayanıqlı bir nəsil yetişdirmək vacibdir. Bunu təmin etmək üçün səmərəli və dayanıqlı mexanizmlər yaradılmalıdır".

Dövlət Komitəsinin sədri həmçinin vurğulayıb ki, ekstremal istilik, infeksiyalar, hava çirkliliyi, qidalanma və ərzaq təhlükəsizliyi üçün erkən xəbərdarlıq sistemlərinin yaradılması vacibdir:

"Uşaqların kifayət qədər təmiz içməli suya çıxışının təmin edilməsi, yaşıllıq sahələri və parkların salınması, xilasetmə planlarının əvvəlcədən hazırlanması olduqca önəmlidir. Bununla bərabər, təhsil müəssisələri, səhiyyə təminatçıları, yerli hökumətlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq, hərtərəfli şəbəkə yaratmaq üçün əsasdır. COP29 Prezidentliyinin başladığı İnsan İnkişafı Təşəbbüsü və onun Bakı İstiqamətverici Prinsipləri düzgün istiqamətdə atılan bir addımdır. Uşaqlarımızı iqlim dəyişikliyi ilə üzləşmədə dəstəkləmək üçün atılan hər addım ortaq gələcəyimizə bir sərmayədir".

Xəbər lenti

Çox oxunanlar