ABŞ konqresmeni Frank Peloninin Azərbaycanı tərk etməsi rəsmən təsdiqlənib.
ABŞ Prezidentinin İqlim üzrə Xüsusi Nümayəndəliyinin Qanunvericilik Məsələləri üzrə Direktoru Julia Greensfelder APA-nın sorğusuna cavab olaraq bildirib ki, “ABŞ konqresmeni Frank Peloni artıq Azərbaycanda deyil”.
Qeyd edək ki, Peloninin Azərbaycana səfəri ictimaiyyətin sərt qınağına və hiddətinə səbəb olmuş, onun ölkəni tərk etməsi tələbi ilə aksiyalar keçirilmişdi.
09:30
Azərbaycan xalqını təhqir etmiş ermənipərəst ABŞ konqresmeni Frank Peloni artıq ölkəni tərk edib.
Bu barədə APA-ya diplomatik mənbələrdən məlumat daxil olub.
Qeyd edək ki, F.Peloninin Azərbaycana səfəri ictimaiyyətin sərt qınağına və hiddətinə səbəb olmuşdu.
Bildirilib ki, əslində Frank Peloni noyabrın 18-dən COP29-da iştirak etməyi, Bakıda çoxsaylı görüşlər keçirməyi planlaşdırıb. Bu məqsədlə o, ötən şənbə günü günorta Bakıya gəlib, həftəsonunu Bakını gəzməklə, qeyri-rəsmi görüşlər keçirməklə yaddaqalan etməyə çalışıb.
Lakin Bakıda hava limanında Azərbaycan mediasına yaxalanan Frank Peloni sualları cavablandırmayıb. Onun gəlişindən xəbər tutan yerli QHT rəhbərləri və ictimai fəallar isə qalacağı hotelin qarşısına toplaşıblar. Onların dağılışmasını gözləmək üçün ABŞ konqresmeni marşrutunu dəyişib, hotelə getməyib, qəfil COP29-da görünüb. Burada yerli media ondan Azərbaycana qarşı iftira kampaniyaları üçün hər ay erməni lobbi təşkilatlarından nə qədər maliyyə alması, lobbiçilik xidmətləri üçün tariflərinin neçə dollar olması ilə maraqlanıb. F.Peloni sualları cavablandırmadan COP29-un arxa otaqlarında jurnalistlərdən gizlənməyə çalışıb. Ona ABŞ-nin qanunvericilik orqanından təmsilçilərin iştirakı ilə COP29-da keçirilən brifinqdə iştirak təklif olunsa da, ictimai qəzəblə qarşılanan F.Peloni Azərbaycan mediasının sualları ilə üzləşməkdən ehtiyat edərək Bakıda brifinqə qatılmaqdan imtina edib. Onu hoteldə Azərbaycanın bir qrup qəzəbli QHT rəhbərləri və ictimai fəalları etiraz aksiyası ilə qarşılayıb. "Peloni, rədd ol!", "Azərbaycan xalqından üzr istə!" şüarları ilə üzləşən ABŞ konqresmeni hotelə mühafizəçilərinin və yerli hüquq-mühafizə orqanlarının köməkliyi ilə daxil ola bilib və bütün görüşlərini ləğv edib.
Frank Peloni Azərbaycan xalqının hiddətindən ehtiyat etdiyi üçün hoteldən bayıra çıxa bilməyib. Dünən növbəti dəfə Azərbaycan QHT təmsilçilərinin və ictimai fəallarının Peloninin qaldığı hotelin qarşısında "Peloni, rədd ol!", "Peloni - sərhəd pozucusu", "Peloni, cavab ver" şüarları ilə etiraz aksiyasından sonra Bakıya səfərini yarımçıq qoyaraq qaçmağa çalışıb.
Hoteldə çoxsaylı xarici qonaqlar olduğundan içəridə də pərt vəziyyətinə düşüb, lakin hoteldən çıxmağa da qorxub.
Onun hotel pəncələrindən yaxınlıqda görünən Hərbi Qənimətlər Parkında və Zəfər Tağında Azərbaycanın tarixi qələbəsi ilə yekunlaşan Vətən müharibəsi və antiterror əməliyyatı ilə "Böyük Ermənistan mifi"nin necə məhv olmasını ürək ağrısı ilə izlədiyi, hotelin belə yerdə seçiminə görə köməkçilərini sərt danladığı da bildirilir.
Peloninin hava işıqlanmamış - səhərəyaxın hoteli xəlvət tərk edərək birbaşa hava limanına gəldiyi, xüsusi çarter reysi ilə Bakını tərk etdiyi bildirilir. Beləliklə, Frank Peloninin Azərbaycana səfəri rüsvayçılıqla yadda qalıb.
Xatırladaq ki, F.Peloni ABŞ-da islamafob, türkofob, maliyyə fırıldaqçısı, korrupsioner konqresmen kimi məşhurdur. Onun fəaliyyəti Azərbaycana qarşı iftiralar üzərində qurulub. F.Peloni ABŞ-də erməni lobbisinin maraqlarını müdafiə edir, dəfələrlə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə açıq hörmətsizlik edib.