Xəzər Xəbər

Azərbaycanla BMT arasında mövcud əməkdaşlığın gündəliyi müzakirə edilib

Gündəm | 21:50 • 15 Noyabr 2024
Azərbaycanla BMT arasında mövcud əməkdaşlığın gündəliyi müzakirə edilib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində BMT Baş katibinin müavini və BMT-nin layihə xidmətləri ofisinin icraçı direktoru Jorge Moreira da Silva ilə görüşüb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə Azərbaycan və BMT arasında mövcud əməkdaşlıq gündəliyində duran, habelə COP29 sədrliyimizdən irəli gələn məsələlər, əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub. Nazir Ceyhun Bayramov COP29-a hazırlıq işləri barədə ətraflı məlumat verərək, bu çərçivədə BMT ilə sıx əməkdaşlığın əsas prioritetlərimizdən biri olduğunu diqqətə çatdırıb. COP29 çərçivəsində aparılan danışıqlar prosesindən bəhs olunub, əldə edilən uğurların, habelə COP29 çərçivəsində təşkil olunan digər yüksək səviyyəli tədbirlər zamanı gedən aktiv müzakirələrin iqlim fəaliyyətinə töhfə olacağına dair inam ifadə olunub. Ölkəmizin milli səviyyədə “yaşıl enerji” və inkişaf təşəbbüsləri, xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri çərçivəsində “yaşıl texnologiyalar”ın geniş tətbiq edildiyi qeyd olunub. Ölkəmizin bölgədəki bərpa və quruculuq səylərinə əsas hədələrdən birinin davam edən mina təhdidinin olduğu, vətəndaşlarımızın həyat və sağlamlığını təhdid edən mina təhlükəsi ilə mübarizədə beynəlxalq əməkdaşlığın vacibliyi diqqətə çatdırılıb. Qarşı tərəf Azərbaycanın COP29-un təşkil edilməsi zamanı məhz BMT ilə yaxından əməkdaşlıq yanaşmasını tətbiq etməsinin təqdirəlayiq olduğunu və sessiyanın yüksək səviyyədə təşkil edildiyini diqqətə çatdırıb, sədrlik fəaliyyətində ölkəmizə uğurlar arzu edib. Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Çox oxunanlar