Xəzər Xəbər

Lavrov: Rusiya Cənubi Qafqazda davamlı sülh və sabitlikdə maraqlıdır

Gündəm | 21:00 • 5 Noyabr 2024
Lavrov: Rusiya Cənubi Qafqazda davamlı sülh və sabitlikdə maraqlıdır

Vaşinqton və Brüsselin Rusiyanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesindən sıxışdırıb çıxarmaq istəyi regionda təhlükəsizlik təhdidlərini yalnız artırır.

Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov “RİA Novosti”yə bildirib.

“Biz hesab edirik ki, sülh prosesini regional paradiqmada, dostlar dairəsində - Cənubi Qafqaz ölkələri və qonşu tərəfdaş dövlətlər çərçivəsində, kənardan destruktiv müdaxilə istisna olmaqla, təsbit etmək vacibdir. Vaşinqton və Brüsselin Rusiyanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesindən sıxışdırıb çıxarmaq istəyi yalnız regionda təhlükəsizlik təhdidlərini artırır”, - deyə XİN rəhbəri bildirib.

Onun sözlərinə görə, ölkəsi əvvəlki kimi Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020-2022-ci illər üçün üçtərəfli razılaşmalar əsasında Bakı ilə İrəvan arasında danışıqların uğurla başa çatması üçün danışıqlar aparan hər iki tərəf üçün tələb olunacaq formada və həcmdə tərəfdaş yardımı göstərməyə hazırdır.

Eyni zamanda, nazirin əlavə etdiyi kimi, Rusiya tərəfi İrəvan və Bakını tələsik sülh müqaviləsi bağlamağa məcbur etmir.

“Biz Azərbaycan-Ermənistan sülh prosesi çərçivəsində əldə olunan əhəmiyyətli irəliləyişi alqışlayırıq. Hər iki tərəfdən uzun illər davam edən düşmənçilik, hərbi əməliyyat və qurbanları nəzərə alaraq, normallaşmada irəliləyiş əldə etməyin Bakı və İrəvan üçün nə qədər çətin olduğunu başa düşürük. Bütün bunlar qarşılıqlı münasib həllər tapmaq üçün tərəflərdən təkcə əhəmiyyətli səylər deyil, həm də vaxt tələb edir. Bu səbəbdən Qərb psevdovasitəçilərindən fərqli olaraq biz tərəfdaşlarımızı tələsik sülh müqaviləsi bağlamağa sövq etmirik”, - deyə Lavrov qeyd edib.

Lavrovun sözlərinə görə, Rusiya tərəfi əmindir ki, “Bakı və İrəvanın mövqeləri, eləcə də “yerlərdə” reallıqlar hərtərəfli nəzərə alınmadan tələsik sülhün əldə olunması heç bir yaxşı nəticəyə gətirib çıxarmayacaq, əksinə, münaqişənin gərginlik və potensial eskalasiyası nöqteyi-nəzərindən əlavə risklər yaradacaq”.

“Rusiya Cənubi Qafqazda davamlı sülh və sabitlikdə maraqlıdır”, - deyə Rusiya Federasiyasının XİN rəhbəri vurğulayıb.

Xəbər lenti