Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab Şavkat Mirziyoyevə təbrik məktubu ünvanlayıb.
Xezerxeber.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli Şavkat Miromonoviç,
Əziz Qardaşım,
Özbəkistan Ali Məclisinin Qanunvericilik palatasına seçkilərin uğurla keçirilməsi münasibətilə Sizi və qardaş xalqınızı ürəkdən təbrik edirəm.
Qardaş Özbəkistanın tarixində ilk dəfə olaraq qarışıq seçki sistemi üzrə keçirilmiş bu səsvermə ölkənizin demokratik dövlət quruculuğu prinsiplərinə sadiqliyini bir daha bariz şəkildə nümayiş etdirdi.
Səsvermənin nəticələri xalqınızın Sizin qətiyyətlə yürütdüyünüz siyasi xəttə olan inam və etimadının təzahürü, Özbəkistanın daha da inkişafı və qüdrətlənməsi istiqamətində xidmətlərinizə real dəstəyinin ifadəsidir.
Yeni tərkibdə fəaliyyətə başlayacaq Ali Məclisin Qanunvericilik palatasının işinə müvəffəqiyyətlər arzulayıram.
Fürsətdən istifadə edərək bir daha Sizə səmimi təbriklərimi çatdırır, möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Özbəkistan xalqının rifahı və firavanlığı yolunda ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar və nailiyyətlər diləyirəm".