Xəzər Xəbər

Vətən müharibəsinin xronikası: 27 oktyabrda düşmənə ağır zərbələr vurulub

Gündəm | 12:11 • 27 Oktyabr 2024
Vətən müharibəsinin xronikası: 27 oktyabrda düşmənə ağır zərbələr vurulub

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Şanlı Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər yürüşü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

Xezerxeber.az 44 günlük Vətən müharibəsinin gedişini xronoloji ardıcıllıqla təqdim edir.

27 oktyabr - müharibənin 31-ci günü

• Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib. Hücum cəhdlərinin qarşısı alınan düşmən itki verərək geri oturdulub. Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlar nəticəsində Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının ön idarəetmə məntəqəsi məhv edilib. Cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də bir T-72 tankı, dörd D-30 və üç D-20 topu, bir “Osa-AKM” ZRK, bir BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, bir radiolokasiya stansiyası və altı avtomobil texnikası sıradan çıxarılıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

• Prezident İlham Əliyev İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib.

• Düşmənin silahlı birləşmələri Goranboy və Bərdə rayonlarını müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutub. Bu xain hücum nəticəsində ilkin məlumata görə, Bərdə rayonunun Qarayusifli kəndinin sakinləri Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı və yeddi yaşlı İsgəndərova Aysu Rövşən qızı həlak olub, yeddi nəfər isə xəsarət alıb. Prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır. 

• Baş Prokurorluğun məlumatına görə, Ermənistan ordusunun Bərdə rayonunu raket atəşinə tutması nəticəsində həlak olan mülki şəxslərin sayı dördə çatıb.

• Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistanın Bərdəyə raket hücumu nəticəsində həlak olanların yaxınlarına başsağlığı verib.

• Azərbaycan Ordusunun düşməndən qənimət götürdüyü tanklar təmirdən sonra yenidən döyüşə göndərilir.

• Ermənistan humanitar atəşkəs rejimini pozaraq Tərtər şəhərini və rayonun kəndlərini ağır artilleriyadan və “Smerç” yaylım atəşli reaktiv sistemindən atəşə tutub. 

• ANAMA mütəxəssisləri cəbhəyanı ərazilərdə raket və top mərmilərini zərərsizləşdiriblər.

Xəbər lenti