Bu günə qədər 3 minə yaxın jurnalist gələn ay Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün qeydiyyatdan keçib.
Xezerxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf Bakıda keçirilən "ESG hesabatlarının anlaşılması və təhlili ekoloji, sosial və korporativ idarəetmə" mövzusunda seminar çərçivəsində bildirib.
Onun sözlərinə görə, bunlar arasında həm yerli, həm də xarici media nümayəndələri var.
"COP29 həm yerli, həm də beynəlxalq medianın diqqət mərkəzindədir. Bu gün BMT-nin "mavi zona" üzrə akkreditasiyası tamamlanır. COP sədrliyi bir müddət əvvəl "yaşıl zona" üçün də medianın akkreditasiyasına başlayıb. Bu da oktyabrın sonunda tamamlanacaq. "Yaşıl zona"ya 150-ə yaxın müraciət var", - deyə A.Nəcəf əlavə edib.
Bugünkü seminarda “Biznes mühitində paradiqm dəyişikliyini anlamaq”, “Azərbaycanda ESG-nin hüquqi çərçivəsi bu gün”, “ESG hesabatlarını necə oxumaq, anlamaq və təhlil etmək” və “Sənaye sektorundan ESG hesabatın təhlili” kimi mövzularda müzakirələr aparılır.