Xəzər Xəbər

Ermənistanın qanunsuz dağ-mədən sənayesinin fəaliyyəti ilə bağlı BRİFİNQ

Gündəm | 19:00 • 16 Oktyabr 2024
Ermənistanın qanunsuz dağ-mədən sənayesinin fəaliyyəti ilə bağlı

Oktyabrın 16-da Ermənistanın qanunsuz dağ-mədən sənayesi fəaliyyətinin Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın ekologiyasını zəhərləməsi ilə bağlı brifinq keçirilib.

Xezerxeber.az xəbər verir ki, brifinqdə çıxış edən “Environmental Protection First” (EPF) Koalisiyasının həmtəsisçisi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov EPF Koalisiyasının yaradılmasının məqsədindən danışıb.

O bildirib ki, Ermənistan Azərbaycanın Naxçıvanla həmsərhəd bölgəsində - Arazdəyəndə iri metallurgiya zavodunu inşa etməyə hazırlaşırdı. Bu da “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında 1991-ci il Konvensiyası”nın (Espo) kobud şəkildə pozulması demək idi. Lakin Azərbaycan tərəfinin etirazından sonra bu iş dayandırıldı.

İctimai Şuranın sədri qeyd edib ki, 2023-cü ildə “Azərkosmos” tərəfindən Ermənistanın Azərbaycanla şərti sərhədində yerləşən 20-dən çox dağ-mədən sənayesi müəssisəsinin fəaliyyətinin kosmik təsvirləri təqdim edilib. Həmin təsvirlərdə 1990-cı illərin sonlarından və son üç ilə yaxın müddətdə həmin ərazilərdəki dəyişiklik, torpaqların vizual təsviri əks olunurdu.

"2024-cü ilin əvvəlində Ermənistanda fəaliyyət göstərən bir neçə QHT tarixi torpağımızda - Amuldağ yatağı olan ərazidə yeni yataqların istismarı ilə bağlı Ermənistan hökumətinin qərarına etiraz edib. EPF Koalisiyası da Ermənistanda yatağın istismarına etiraz edən QHT-lərlə həmrəy olduğunu bildirib. Buna görə də həmin QHT-ləri Ermənistanda Azərbaycana casusluq etməkdə günahlandırıblar", - deyə A.Məmmədov vurğulayıb.

Bəzi xarici investorların Ermənistan dövləti tərəfindən yaradılan şərait sayəsində Cənubi Qafqazda ətraf mühitə ciddi ziyan vurduqlarını söyləyən A.Məmmədpv deyib: "Ermənistan Espo Konvensiyasının üzvü olsa da, buna əməl etmir. Lakin Konvensiyaya qoşulan ölkələrin hər birinin transsərhəd kontekstində ətraf mühitin qiymətləndirilməsi ilə bağlı öhdəliyi var. Əgər bir ölkə qonşu dövlətin sərhədinə yaxın ərazidə sənaye və iqtisadi fəaliyyət həyata keçirərsə, bununla bağlı mütləq şəkildə qonşu dövlətin ictimaiyyətinə və hökumətinə hesabat təqdim etməlidir".

Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun sədri Sabit Bağırov isə vurğulayıb ki, bütün dünyada faydalı qazıntıların mədən hasilatı ətraf mühitə çox ciddi mənfi təsirlərlə müşayiət olunur. Bu mənada Ermənistan da istisna deyil.

O bildirib ki, Ermənistandakı 26 mədən şirkətinin 12-si Qərbi Zəngəzur tərəfdə yerləşir, bu da ətraf mühit üçün risklər yaradır.

S.Bağırov qeyd edib ki, Ermənistanın BMT-nin Transsərhəd su axarlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında Konvensiyasını ratifikasiya etməsi vacibdir. Əminlik var ki, sülh müqaviləsi imzalandıqdan sonra Azərbaycan hökuməti Ermənistanın sözügedən Konvensiyaya qoşulmasını və Konvensiyanın 9-cu maddəsinin həyata keçirilməsi üçün birgə qurumun yaradılmasını razılaşdırılması vacib olan ilk məsələlər sırasında təkid edəcək.

"Azərbaycanda vətəndaş cəmiyyəti təşkilatlarının Ermənistan vətəndaş cəmiyyəti təşkilatları ilə yeni razılaşdırılmış zolaqda ekoloji vəziyyətin birgə monitorinqi sahəsində konstruktiv əməkdaşlığın qurulması istiqamətində səylərini davam etdirmələri vacibdir. Zolağın eni hökumətlərarası sazişlə razılaşdırıla bilər", - deyə o əlavə edib.

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024