Xəzər Xəbər

MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası Qazaxıstanda keçiriləcək

Gündəm | 18:07 • 7 Oktyabr 2024
MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası Qazaxıstanda keçiriləcək

Oktyabrın 8-də Moskvada keçiriləcək MDB Dövlət Başçıları Şurasının iclasında Laçın şəhərinin Birlik ölkələrinin mədəniyyət mərkəzi elan olunması məsələsi müzakirə ediləcək.

Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov MDB Xarici İşlər Nazirləri Şurasının iclasının yekunlarına dair çıxışında bildirib.

Oktyabrın 7-də Moskvada keçirilən iclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iştirak edib. Nazir tədbirdə çıxış edərək Azərbaycanda keçiriləcək COP29 tədbirinə hazırlıq barədə iclas iştirakçılarına məlumat verib.

Xarici siyasət idarələrinin rəhbərləri Rusiyanın 2024-cü ildə sədrliyinin prioritetlərinin həyata keçirilməsi kontekstində birgə fəaliyyətin yekunlarını, MDB-də çoxşaxəli əməkdaşlığın inkişaf perspektivlərini, o cümlədən iqtisadi inteqrasiyanın dərinləşdirilməsi, ənənəvi və yeni çağırışlara, təhdidlərə qarşı mübarizə, mədəni və humanitar əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə ediliblər.

İclasda aktual beynəlxalq və regional mövzular ətrafında fikir mübadiləsi aparılıb, 2025-ci il üçün nazirliklər arasında çoxsəviyyəli məsləhətləşmələr planı, Gənclərin Beynəlxalq Əməkdaşlıq Strategiyasının həyata keçirilməsinə dair 2025-2026-cı illər üçün fəaliyyət planı və Aşqabad şəhərinin MDB-nin yeni “İdman imkanlari şəhəri” elan edilməsinə dair 2024-2025-ci illər üçün fəaliyyət planı təsdiqlənib. Bundan əlavə, tədbirdə vəkillik, media və könüllülük hərəkatının inkişafı sahələrində dörd yeni baza təşkilatının yaradılması ilə bağlı qərarlar qəbul olunub.

MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının gələn il aprelin 11-də Qazaxıstanda keçirilməsi barədə qərar qəbul edilib.

Xəbər lenti

Çox oxunanlar