Xəzər Xəbər

Ermənistanın ətraf mühitə vurduğu ziyan dəyərləndirilir

Gündəm | 11:55 • 12 Sentyabr 2024
Ermənistanın ətraf mühitə vurduğu ziyan dəyərləndirilir

Bizim məqsədimiz Ermənistanın dağ-mədən müəssisələrinin fəaliyyətini araşdırmaq və onun ətraf mühitə vurduğu ziyanları dəyərləndirməkdir.

Xezerxeber.az xəbər verir ki, bunu Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun sədri Sabit Bağırov Ermənistanın qanunsuz dağ-mədən sənayesi fəaliyyətinin Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın ekologiyasını zəhərləməsi ilə bağlı keçirilən brifinqdə deyib.

O qeyd edib ki, Ermənistanda 940-dan çox müxtəlif mədən fəaliyyət göstərir. Onlardan 46-sı isə ağır metal sənayesi ilə məşğuldur. Həmin 46 müəssisəni 26 şirkət idarə edir. O şirkətlərdən 12-si Sünik bölgəsində fəaliyyət göstərir. Qızıl, gümüş, mis metallar orada istehsal olunur.

“Bu metalların hazırlanması zamanı zəhərli kimyəvi maddələrdən istifadə olunur. Nəticədə bu metalların tullantıları xüsusi anbarlara axıdılır. Tullantılar yeraltı sulara, çaylara axıdılır ki, bu da çaylar üçün risklər yaradır. Belə ki, Oxçuçaya tullantıların axıdılması ilə bağlı faktları müşahidə etmişik”, - deyə S.Bağırov diqqətə çatdırıb.

Sabit Bağırov əlavə edib ki, Ermənistan Mədən Sənayesində Şəffaflıq Təşkilatının üzvüdür və davamlı olaraq dağ-mədən sənaye fəaliyyəti ilə bağlı məlumatları ictimaiyyətə təqdim etməlidir.

O bildirib ki, bütün dünyada mədən əməliyyatları ətraf mühitə çox əhəmiyyətli mənfi təsirlə müşayiət olunur və bu baxımdan Ermənistan da istisna deyil. Belə ki, Ermənistanda ekoloji təşkilatların və ərazidə yaşayan əhalinin mədən müəssisələrinin fəaliyyətinə dair etirazları zaman-zaman geniş vüsət alır: “Ermənistan BMT-nin Transsərhəd su axarlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında Konvensiyasına qoşulmayan ölkə olaraq qalır. Ermənistanda fəaliyyət göstərən mədən şirkətlərinin şəffaflığı aşağı səviyyədədir. Eyni zamanda, Ermənistanın mədən şirkətlərinin yerləşdiyi ərazilər Qarabağla sərhədə yaxındır. Artıq keçmiş məcburi köçkünlər öz doğma yurd yerlərinə qayıdır, əhalinin sağlam ətraf mühitdə yaşaması üçün isə Ermənistan tərəfi öz üzərinə düşən vəzifələri yerinə yetirməlidir”.

Xəbər lenti