Biz Ermənistan Baş nazirindən son mətbuat konfransında çoxsaylı təhrif olunmuş fikirlər eşitdik.
Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda Serbiyanın xarici işlər naziri Marko Curiçlə birgə mətbuat konfransında bildirib.
Nazir deyib ki, Azərbaycan bu il 24 iyun tarixində sülh sazişi layihəsi ilə bağlı öz cavablarını Ermənistana təqdim edib: “Təxminən 70 gün sonra Baş nazirin mətbuat konfransından 1 neçə saat öncə Ermənistan Azərbaycana öz versiyasını geri qaytarıb. Onların təqdim etdikləri mətnin layihəsindən bir neçə önəmli məqam çıxarılıb. Önəmli məqamlara saziş layihəsində yer ayrılmayıb və bizə məsələnin həllinin bu olduğu deyilib. Bizim Ermənistan tərəfinə tövsiyəmiz ondan ibarətdir ki, onlar bu məsələlərə daha ciddi yanaşsınlar. Biz yaxın müddət ərzində beynəlxalq hüquqa əsaslanan və bizim milli maraqlara cavab verən versiyanı Ermənistana təqdim edəcəyik”.
Nazir əlavə edib ki, sülh sazişinin imzalanmasını mümkün edə biləcək əlavə meyarlar mövcuddur: "Seçim Ermənistanındır”.
Ceyhun Bayramov əlavə edib ki, Ermənistan qonşularına qarşı, ilk olaraq da Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidir: “Buna hər hansı bəhanə tapmağa enerji sərf edilməməlidir. Ermənistan və Azərbaycan konstitusiyaları arasında müqayisələr aparmaq cəhdləri də yersizdir. Biz bu problemin mövcudluğunu qarşı tərəfə 2 il öncə çatdırmışdıq. Biz konstruktiv tərəf olaraq bunu danışıqlara şərt olaraq qoymurduq, amma məsələnin həllini istəyirdik. Onlarsa bu məsələnin üstündən keçməyə çalışırdılar. O zaman onlar Azərbaycan konstitusiyası ilə bağlı hər hansı iddia ilə çıxış etmirdilər. Azərbaycan Konstitusiyasında heç bir qonşu dövlətə, o cümlədən Ermənistana ərazi iddiası yoxdur”.