Erməni lobbisi Qərbdə qeyri-qanuni fəaliyyətini davam etdirir və Avropa İttifaqı (Aİ) ölkələrində Azərbaycana qara yaxmaq üçün korrupsiya sxemlərindən fəal istifadə edir.
Bu barədə çərşənbə günü, avqustun 7-də “HaberGlobal” telekanalı Avropanın “EU Reporter” informasiya resursunun və Kanadanın CBC telekanalının sənədli tədqiqat filminə istinadla məlumat yayıb.
Araşdırmanın müəllifləri Ermənistanın Avropa İttifaqında lobbiçilik fəaliyyətini ifşa ediblər.
“EU Reporter” və CBC-nin araşdırmasında deyilir: “Ermənistan uzun illərdir ki, Avropa ölkələrinin hökumətyönlü dairələrində və strukturlarında anti-Azərbaycan motivli lobbiçilik fəaliyyəti həyata keçirir. Azərbaycana qarşı nifrət yaymaqla məşğul olan erməni lobbiçiləri brilyant qaçaqmalçısı, mafioz Kaspar Karampetyan tərəfindən idarə olunur”.
Sənədli filmdə Karampetyanın saxtakarlığı və qanunsuz fəaliyyətinə görə ona qarşı çoxsaylı cinayət təqiblərinə diqqət çəkilir.
Tədqiqat müəllifləri qeyd edirlər ki, Avropa İttifaqının təsisatları Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülhə nail olmaq üçün çalışsa da, erməni lobbisi bu səylərə zərbə vurur”.
“EU Reporter” və CBC 2022-ci ildə dörd avropalı siyasətçinin, o cümlədən Avropa Parlamentinin vitse-prezidentinin rüşvətxorluq və qeyri-qanuni ticarət əlaqələri ittihamı ilə həbs olunduğu korrupsiya qalmaqalını xatırladıb. “Bu qalmaqal həm də erməni lobbisinin hiylələrini ifşa etdi. Avropalı siyasətçilərə rüşvət verən strukturlar arasında Ədalət və Demokratiya Uğrunda Avropa Erməni Federasiyası (EAFJD) və Aİ-Ermənistan Dostluq Qrupu da var”, -deyə araşdırmada məsələyə aydınlıq gətirilir.
Materialın müəllifləri diqqəti Belçikada erməni mafiyasına rəhbərlik edən Karampetyanın Avropada pul yığılmasını təşkil etməklə vaxtilə Qarabağdakı erməni separatçılarını fəal şəkildə himayə etdiyinə yönəldiblər.
Film Avropada erməni lobbisinin Azərbaycan əleyhinə çoxsaylı mitinqlər təşkil etməsini, həmçinin Belçika, Almaniya və Fransa parlamentlərinin deputatlarının İrəvana səfərlərini xatırladır.
Tədqiqatın müəllifləri, həmçinin erməni lobbisinin başqa bir nümayəndəsinə - Aİ-də Azərbaycana qarşı düşmən münasibət yaratmaq istiqamətində fəal səyləri ilə tanınan Artur Xaçatryanın pozucu fəaliyyətinə də diqqət çəkirlər.
Araşdırmada vurğulanır ki, Avropadakı korrupsiya qalmaqalında daşnaklar da iştirak edirlər. Bildirilir ki, son illərdə erməni lobbisinin məqsədlərindən biri də Ermənistanın İkinci Qarabağ müharibəsi zamanı törətdiyi cinayətləri gizlətməkdir. (AZƏRTAC)