Hesablama Palatası xarici dövlət maliyyə nəzarətinin nəticələrinə əsasən, 91,0 mln. manat maliyyə pozuntusu aşkarlayıb.
Xezerxeber.az bu barədə Hesablama Palatasının məlumatlarına istinadən xəbər verir.
Hesablama Palatasının 2024-cü ilin birinci yarısı üzrə fəaliyyətinə dair hesabatın məlumatlarına əsasən, büdcəyə zərərin 39,3 mln. manat olduğu hesablanıb.
Auditlər zamanı təsdiqlənmiş vahid büdcə təsnifatının tələblərinin gözlənilməməsi, qurumlar tərəfindən tədbirlərin keçirilməsi zamanı bəzi hallarda iş və xidmətlərin alınmasından sonra satınalma prosedurlarının keçirilməsi və ya rəsmiləşdirilməsi və digər pozuntular aşkarlanıb.
2,7 mln. manat məbləğində hesablanmış büdcəyə zərər üzrə cinayət tərkibinin əlamətlərinin ehtimal olunması ilə əlaqədar 2 audit üzrə müvafiq materiallar hüquq-mühafizə orqanlarına göndərilib.
Qeyd olunub ki, 2024-cü ilin iş planına uyğun olaraq, 8 kənar dövlət maliyyə nəzarət tədbirinin keçirilməsi barədə qərar qəbul edilib. Nəzarət obyektlərinin 15-də ilk dəfə nəzarət tədbirinin keçirilməsinə başlanılıb. Səmərəlilik auditləri damazlıq heyvandarlıq sahəsinə dövlət dəstəyinin, təhlükəsiz tullantıların idarə olunmasının səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsi mövzularını əhatə edir. Ötən illə müqayisədə bu cür auditlərin sayı ikiqat artıb.
Bundan başqa, Hesablama Palatası “SoAQM” – “Ali audit orqanlarında keyfiyyətin idarəedilməsi layihəsi”, “GSAI” – “ Ali audit orqanlarının qlobal hesabatlılıq təşəbbüsü” beynəlxalq layihələrində öz aktiv fəaliyyətini davam etdirib.
Hesabat dövründə Hesablama Palatası və Çin Milli Audit Ofisi arasında memorandum, Türkiyə Respublikası Hesablama Məhkəməsi ilə paralel auditlərin aparılmasını tənzimləyən sənəd imzalanıb.
Əməliyyat Planında baxılan dövr üçün 122 tədbir müəyyənləşdirilmiş, dövrün sonuna bu tədbirlər üzrə icra vəziyyəti 93,4% təşkil edib. Əsas diqqət büdcə prosesində iştiraka, o cümlədən dövlət büdcəsinin və büdcədənkənar fondların büdcələrinin icrasının qiymətləndirilməsinə yönəlib.
Qeyd edək ki, Hesablama Palatasının fəaliyyət sahələri “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir.