Xəzər Xəbər

Ermənistan konstitusional əsasda Azərbaycana qarşı ərazi iddialarına son qoymalıdır - Hikmət Hacıyev

Gündəm | 12:00 • 21 İyul 2024
Ermənistan konstitusional əsasda Azərbaycana qarşı ərazi iddialarına son qoymalıdır - Hikmət Hacıyev

İstənilən ölkənin konstitusiyasında digər dövlətin ərazisinə qarşı iddialar varsa, buna son qoyulmalıdır.

Xezerxeber.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 2-ci Şuşa Qlobal Media Forumunda çıxışı zamanı söyləyib.

Hikmət Hacıyev qeyd edib ki, Azərbaycanın mövqeyi bəllidir: “Azərbaycan gözləyir ki, Ermənistan konstitusional əsasda Azərbaycana qarşı ərazi iddialarına son qoysun. Biz başa düşürük ki, konstitusiya hər bir ölkənin daxili işidir. Amma konstitusiyada digər dövlətin ərazisinə qarşı iddialar varsa, bunlara son qoyulmalıdır və hüquqi çərçivə tam şəkildə ərazi iddialarına son qoyacaq formada olmalıdır ki, bunun əsasında biz irəli gedək. Azərbaycan təklif edib ki, Minsk qrupunun fəaliyyətinə xitam verilməsi üçün Ermənistan və Azərbaycan birgə ATƏT-ə müraciət etsinlər. Çünki artıq Minsk qrupu kimi təsisatın qalmasına da ehtiyac yoxdur. Əgər münaqişə yoxdursa, Minsk qrupunun olmasına nə əsas var? Bu xüsusda Azərbaycan Ermənistan tərəfinə təklif edib ki, müvəqqəti yanaşma olaraq biz iki ölkə arasındakı qonşuluq münasibətlərinin əsasını təşkil edə bilən əsas prinsiplər məsələsində də razılığa gələ bilərik. Buna aralıq sülh müqaviləsi deməzdim. Nəzərə almaq lazımdır ki, 2021-ci ildə bütövlükdə sülh prosesinin əsasını təşkil edən prinsiplərin təşəbbüskarı da Azərbaycan tərəfi idi".

Xəbər lenti

Çox oxunanlar