Növbədənkənar parlament seçkilərində təşviqat aparılması üçün açıq və qapalı məkanlarla bağlı siyahı hazırlanmalıdır.
Xezerxeber.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, siyahılar tez bir zamanda hazırlanmalıdır ki, namizədlər yerlər barədə məlumatlı olsun.
MSK sədrinin müavini Rövzət Qasımov bildirib ki, bu istiqamətdə iş aparılır.
“Əsasən ənənəvi görüşlərin keçirildiyi yerlərə üstünlük verilir. Yerlərdən gələn məlumatlar təhlil olunur və bütün yerlər müəyyənləşib ictimaiyyətə təqdim olunacaq, namizədlər də məlumatlı olacaq”, - deyə o əlavə edib.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.