Müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Azərbaycanda rəsmi səfərdə olan İtaliya müdafiə naziri Quido Krosetto arasında görüş keçirilib, İtaliya müdafiə naziri "ADEX" 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinə dəvət edilib.
Xezerxeber.az xəbĕr verir ki, bu barədə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Z.Həsənov iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlığa söykəndiyini vurğulayıb. Azərbaycanın əlamətdar günü - Silahlı Qüvvələr Günü və Azərbaycan Ordusunun yaradılmasının 106-cı ildönümündə Azərbaycanın yanında olduğuna görə italiyalı həmkarına təşəkkürünü bildirib. Q.Krosettonu sentyabr ayında Bakıda keçiriləcək "ADEX" 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinə dəvət edib.
Azərbaycanda hər səfərindən məmnun qaldığını və səmimi münasibət gördüyünü qeyd edən İtaliyanın müdafiə naziri göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. İki ölkə arasında hərbi əməkdaşlığın inkişafında qarşılıqlı səfərlərin vacibliyini vurğulayıb.
Görüşdə Azərbaycan və İtaliya arasında hərbi əməkdaşlığın cari vəziyyətindən məmnunluq ifadə edilib, həmçinin hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, habelə qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.